Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Sənət / Manşet / Üst manşet > İsa İsmayılzadə - Kölgə ütüləmək...
İsa İsmayılzadə - Kölgə ütüləmək...Dünən, 17:02. |
İsa İsmayılzadə (İsa Mustafa oğlu İsmayılzadə) 1941-ci il martın 15-də Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub. 1958–1963-cü illərdə burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə tələbəlik illərində "Aprel çiçəkləri" (1959) almanaxında və "Azərbaycan gəncləri" qəzetində (19 iyun 1961-ci il) çap etdirdiyi şeirləri ilə başlayıb. Öz yaradıcılığında poetik tərcüməyə də xüsusi diqqət vermiş, sosialist ölkələri yazıçılarının Moskvada keçirilən birinci Beynəlxalq simpoziumunda (1977), Asiya və Afrika ölkələri yazıçılarının Yurmalada keçirilən seminar-müşavirəsində (1978) iştirak edib. Şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə, habelə bir sıra xarici dillərə tərcümə olunub. 1963–1964-cü illərdə Qardabanidə orta məktəbdə müəllim, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor (1966–1968), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1968–1981), "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində işləyib (1981-ci ildən ömrünün sonunadək). Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin musiqili verilişlər baş redaksiyasında (müqavilə ilə) musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərib (1994-cü ildən). Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1980) olub. 1997-ci il iyulun 14-də Bakı şəhərində vəfat edib. Civilazerbaija.com ustad şair İsa İsmayılzadənin şeirlərini təqdim edir: İsa İsmayılzadə KÖLGƏ ÜTÜLƏMƏK... şeirlər TANIŞ OLMAQ İSTƏYİRƏM Əl uzanır: - Tanış olaq! Əl uzanır: - Salamat qal! Əl uzanır dosta, yada, əl – hələlik, əl – əlvida. Tanış olmaq istəyirəm, doğma olmaq istəyirəm sahildəki qızıl qumla, arxivdəki keçmişimlə, bağçadakı tər çiçəklə, sinəmdəki tər ümidlə, tər arzumla. Tanış olmaq istəyirəm, doğma olmaq istəyirəm. Cib dəftərim telefonla, adla dolu olsa belə, əl açıram – təzə insan istəyirəm, təzə ünvan istəyirəm. Qaldırıcı, endirici kranlarla, ağ ulduzla, ağ buludla, qəbirləri qucaqlayan mərmər rəngli, torpaq rəngli lal sükutla, tanış olmaq istəyirəm, doğma olmaq istəyirəm. Təyyarənin qanadının, qatarların fit səsinin arxasınca əllərimiz dalğalanır ağ yaylıq tək, əllərimiz dalğalanır ayrılıq tək. Əl açılır üzümüzə qapı kimi, Əl açılır üzümüzdə güllə kimi. Barmaqlarla pillə-pillə dırmaşırıq harasa. Mən əllərlə tanış olmaq istəyirəm, doğma olmaq istəyirəm – əlcək geyən, qabar döyən, çəlik döyən, kətmən döyən əllərlə. Hərdən məndən küssə də, bir əlin ömrünü uzatmalıyam oxşaya-oxşaya isidə-isidə. Mənim əlim havadadır, mənim əlim yollardadır. Qarşıma kim çıxasıdır, Qarşıma nə çıxasıdır – Əlimi kim sıxasıdır, əlimi nə sıxasıdır – sıxsın görək! 1941 Mənim doğulduğum il naməlum bir əsgərin adı, ünvanı oldu. Mənim doğulduğum il – səngərlər də doğuldu, tüstülər də doğuldu. Səngərlərdə doğuldu, tüstülərdə doğuldu, mənim doğulduğum il. Mənim təvəllüdümü torpağın sinəsinə xəncər yarası kimi. Yer kürəsisdən keçən döyüş səngəri yazdı. Uzunboğaz çəkmənin nallı dabanı ilə Vətən əsgəri yazdı, Göylərin sinəsinə topun lüləsi yazdı, Ulduzları isidən fişəng şöləsi yazdı. Yazdı təvəllüdümü balınca göz yaşları, yollara – anaların ümidli baxışları. Mən təvəllüd günümü keçirmək istəmirəm. Badələrin səsilə oyatmaq istəmirəm. Xatirə beşiyində uyuşmuş həsrətləri, Küsəyən qardaşımın qabda qalan payı tək soyumuş həsrətləri oyatmaq istəmirəm. Doğulduğum tarixə Hamıdan çox yanıram, Qara həşyə geyinmiş şəkildən utanıram. 1962 YAĞIŞ GÖLMƏÇƏSİ Damcılar göylərdən əlini üzdü, Buludlar özünə boylanmaq üçün – bulanıq güzgütək gölməçələri torpağa düzdü. Yağdı, tala-tala gölməçə yağdı, göylərin dəlisov ilhamı yağdı, sərçələrin soyuq «hamamı» yağdı. Yağış gölməçəsi buludla doldu, Günəşlə, payızla, sükutla doldu. Göyə yuxarıdan aşağı baxdım – bir vaxt Avropanın salonlarından Bodenşted bizə baxdığı kimi, Daş atıb, göylərin evini yıxdım, Göyə yuxarıdan aşağı baxdım – bir vaxt Avropanın salonlarından Bodenşted bizə baxdığı kimi, Daş atıb, göylərin evini yıxdım, Bir dərviş Parisi yıxdığı kimi. «Atını» göylərdə sürdü çoxusu ayağı çırmalı uşaqların da. Çİlik-çilik oldu gölün yuxusu çubuq köhlənlərin dırnaqlarında. Uşaqlar yollandı yuxu dalınca. Onların doluxmuş izi soğuldu, Göy göyə çəkildi, payız – ağaca, Göy göyə çəkildi, Gölməçə kor oldu – elə bil, torpağın gözü soğuldu. Arabir göylərə boylanmaq üçün, gəlinlər kimi, özünə daha çox inanmaq üçün torpağa güzgü də, köz də gərəkdir. 1962 HƏSRƏT Sən qanadlı xəbər kimi, yad qapını açan gündən – Həsrətinlə yaşayıram bir otaqda, həsrətinlə yaşayıram bir torpaqda, bir dünyada. Qatarlarda, təyyarələrdə, gəmilərdə sənəd kimi öz yanımla gəzdirirəm həsrətini. Ora-bura sürüməkdən bezdirirəm həsrətini. İstəyirəm, azdıram mən həsrətini alqış dolu salonlarda – bacarmıram. İstəyirəm, azdıram mən həsrətini dalanlarda, döngələrdə, izdihamlı küçələrdə – bacarmıram. Həsrətinə gücüm çatmır, sənə – əlim, İstəyirəm, həsrətini Meşələrə, dənizlərə atıb gəlim – Bacarmıram. Həsrətinə gücüm çatmır, sənə – əlim Süfrəmdəki çörək deyil, həsrətindir, sinəmdəki ürək deyil, həsrətindir, - hey döyünən Ürəyimin başını mən ovuduram bir uşaq tək. Səndən qalan xatirələri, olub-qopan həsrətini ürəyimin qabağına atıram mən oyuncaq tək, öz başımı qatıram mən bir uşaq tək. Həsrətini içirəm mən, həsrətini çəkirəm mən. Nə yaxşı ki, həsrətin var!.. Həsrətinlə yaşayıram bir otaqda, həsrətinlə yaşayıram bir torpaqda, bir dünyada, Yaşayıram, yaşayıram, yaşadıram həsrətini. 1963 OYUNCAQSIZ UŞAQLIĞIM Mənim oyuncağım olmayıb heç vaxt. Hərdən kövrələndə, uşaqlaşanda, yaşımdan, təmkindən… nə bilim, nədən beşcə addımlığa uzaqlaşanda, özümə oyuncaq almağım gəlir. Yapışıb əlindən körpəliyimin «Uşaq aləmi»nə çəkmək istərəm – Günlərin bir günündə balaca İsaya mağazalardan bir qucaq sevinc alam. Ciblərinə, papağına, qoynuna qonşudan oğurlanan alma əvəzinə, armud yerinə sevinc dolduram. Bir papaq sevinc, iki cib fərəh bəs eylər ona. Sonra uşaq xəyalım, uçub gedə kəndimizə. Plasmas sevincindən plastilin fərəhindən, bir də rezin şadlığından paylaya uşaqlara. «ZİM balası» ilişib, tozlu yolda qalanda, «təyyarə»nin qanadını dəcəl əllər, sərt budaqlar qıranda – gərək məndən inciməsin görməmiş uşaqlığım. Mənim oyuncağım olmayıb heç vaxt, Oyuncaq yollara asfalt çəkilib. Oyuncaq arxlar da çoxdan quruyub, Oyuncaq ağaclar çoxdan qarıyıb, yandırılıb sobalarda Sevinc oyuncağım olmayıb heç vaxt. İndisə hərdən mənə qonaq gəlir oyuncaq sevinc – bir ürək, bir otaq, bir qucaq sevinc… 1967 ETİRAF MAHNISI Mənim boyum – yüz altmış dörd, mənim sinəm – əlli beş. Ürəyim də lap balaca. Mən böyük sevincə alışmamışam, Mən böyük sevincdə alışmamışam, Sevinc küləyindən, fərəh mehindən Köksüm körük kimi genişlənəndə – divar sinəmin çatlamasından, qumbara ürəyimin partlamasından, bir az qorxuram. Ürəyimin də sevinc tutumu arzumdakından min dəfə kiçik. Daha doğrusu – sən dəfə kiçik. Nəyimə gərək «sevincmetr»lər? ürəyim varsa, «Sevincmetr»siz də yola gedərəm. Mən böyük sevincə alışmamışam, Mən böyük sevincdə alışmamışam. 1967 GÜNLƏRİN BİR GÜNÜNDƏ Günlərin bir günündə əsim-əsim əsdi yel. Bir qatarın dalınca gözlərim də tələsdi, əllərim də tələsdi. Günlərin bir günündə çarpayının üstündə yoxa çıxdı bir şəkil. Divarlar üstümə gəlmək istədi, ağaran şəkil yeri gecələr üstümə gülmək istədi… Günlərin bir günündə soruşdular adımı: illər keçdi üstümdən, yellər keçdi üstümdən mən bir cavab verincə. Günlərin bir günündə vuruldum ulduzlara – ulduzlar diksinmədi Yorulub, yola düşdüm, Əlimi qaldıranda qatarlar əylənmədi, təyyarələr enmədi. Ömrümdə bircə kərə əl elədim vaqonlara, əl elədim günlərə, durnalara, əllərə… Günlərin bir günündə əsim-əsim əsdi vaxt. Əllərim də tələsdi yollarım da tələsdi. Günlərin bir günündə gedib çatıb axır ki, məndən qaçan arzuya, məndən qaçan illərə, məndən qaçan günlərə. 1968 KÖHNƏ YUXULAR Bu axşam yaxşıca qəribsəmişəm, Əllərin yuxuma gəlib çıxmasa, göbələk dərməsəm, moruq yığmasam, buluddan asılan beşiyin üstə laylay eşitməsəm – yatmayacamam, yatmayacağam, yatmayacağam. Bu axşam yaxşıca qəribsəmişəm: bu neon deyilən ağ şam neyləsin, bu şəhər neyləsin, axşam neyləsin. …İndi o çöllərdən keçər metrolar, bir vaqon göbələk yığıram ordan. Sonra da qatarlar düzələr yola, Bakıya qayıdar. Beləcə hər gecə çıxar aradan. Bir qucaq sünbül də ətəkliyə yox, vaqonlara dolar, indi hər gecə. Mən – ayağıyalın, mən – başıaçıq… İnək otararam yuxalarımda. Köynək axtararam, başmaq gəzərəm kəndimizə köçən univermaqda. O yollar, o illər o əllər çoxdan Bakıya köçüb. …Bu da alatoran! Nimdaş paltaralan gəlib keçəcək, köhnə köynəyim ki, yoxdur satmağa: paltarım təzədir, dostlarım təzə. Təkcə yuxular var… köhnə yuxular. Ona da müştəri tapılmaz yəqin. Yarımçıq yuxular, qırıq yuxular, kəpənək yuxular, qoruq yuxular, biçənək yuxular, moruq yuxular yıxılar, diksinər, sıxılar hər gün tramvay səsindən, maşın səsindən. Bir kənd şəhərim var, bir şəhər kəndim, yerim lap rahatdır, arxayın olun… 1969 İŞIQLAR Qatar tərpənəndə, elə bildim ki, dostlarım məni yola salınca – şəhər işıqları düşüb dalımca atlı qoşun kimi qovacaq məni… pəncərə önündə donub qalmışdım. Şəhər işıqları göz-göz yanırdı, qatar sərxoş-sərxoş yığalanırdı. Gecə lampaları – yuxu rəngində, Dəhliz – ala-toran, kupe – mürgülü… Pəncərə önündə donub qalmışdım. İşıq dirəkləri – işıq hörüklü milyon qıza dönüb, mənə baxırdı. Bu milyon baxışda gözüm qamaşdı. Hörüklü qızlarla bircə anlığa danışmaq istədim – dilim gəlmədi, sözüm qamaşdı. Pəncərə önündə donub qalmışdım. Şəhər işıqları göz-göz yanırdı, qatar sərxoş-sərxoş yırğalanırdı, şəhərin üstündə – bayram şamları… uzaqda alışan hər dik, hər təpə Novruz xonçasını xatırladırdı. İşıq hörüklər qaldırıb göyə Bilmirəm, niyə başının üstündə tutmuşdu onu. * * * Şəhər işıqları düşüb arxamca atlı qoşun kimi gəlirdi hələ. İşıq qoşununu yarıb keçməyə, işıq ordusunu vurub keçməyə təsəsirdi qatar. Birdən yoxa çıxdı qoşun Gecə tunelinə cumdu vaqonlar, Qaranlığı yara-yara gedirdi qatar… * * * Gecə belə sovuşdu, üfürüldü şam kimi. Şütüyə-şütüyə Qatar çatdı səhərə. Günəşin tellərindən şığıyıb keçə-keçə. Günəşin tellərini sünbül kimi biçə-biçə getdi qatar. İşıq hörüklərin gözündən itdi qatar. * * * Pəncərə önündə donub qalmışdım. Qovaq yarpağından, tut yarpağından könlümdə yamyaşıl ümid alışdı. Baxdım – gözüm qamaşdı. Qovaq yarpağını, tut yarpağını Səsləmək istədim, dilim gəlmədi, Sözüm qamaşdı. Yaşıl işıq düşdü yolumun üstə yaşıl hörüklü qız – söyüd görüncə… Mən yaşıl nəğməli bir qız görmüşəm, işıqlı saçını özüm hörmüşəm yaşıl əyyamında uşaqlığımın… 1976 BELƏ HAVALARDA Təkərlər altında döşənib yağış. Yağış döngəsindən keçir maşınlar, yağış küçəsindən qaçır adamlar. Belə havalarda neyləmək olar? Şırhaşır şəhəri alıb başına. Bağlandı düymələr, gizləndi əllər, bu yağış altında qoyub axşamı yenə öz evinə çəkildi hamı. O körpə günlərə qayıtmaq üçün belə havalarda neyləmək olar? Bəlkə sən deyəsən, divar saatı? Bəlkə sən deyəsən, yaşıl telefon? Gölməçə həvəsli, biçənək səsli ayağı çırmalı bir dəstə uşaq gecə, yuxusunda yemlik dərəcək, göbələk tapacaq – özündən iri, çiyələk tapacaq – gözündən iri. Mənim gözlərimlə tapacaq onlar, mənim əllərimlə dərəcək onlar. Belə havalarda onlar hər gecə tapmaca deyəcək mənim səsimlə, mənim əllərimlə qurşaq tutacaq, mənim gözlərimlə yuxu görəcək. 1968 YARPAQ ODASI Camal Yusifoğluna Payızda ağaclar fikirli olur. Fikirli-fikirli susar yarpaqlar, fikirli-fikirli göyə sovrular, başımın üstündə buludlar ağlar… Payızın fikrini bilmək istəsən gərək ağac olasan, gərək yarpaq olasan gərək budaq olasan. Dəniz də fikirli, qağayılar da, fikirli-fikirli yağar yağışlar. Bütün illərimi, qayğılarımı duyğumu evimə yığar yağışlar. Dənizin fikrini bilmək istəsən, gərək dalğa olasan, Yağışın fikrini bilmək istəsən, gərək bulud olasan. İlləri yenidən görmək istəsən, Gərək vaxt olasan, sükut olasan qorxulu-qorxulu baxacaq onlar, yuxulu-yuxulu baxacaq onlar. Kimsə zəng eləyib, xəbər alacaq yağışlı gecəni necə yatmışam. Xidmətçi xala da dilxor olacaq: - Bağışlayın, sizi gec oyatmışam. Heç kəs o gülləri soruşmayacaq, Lap axşama kimi mürgüləsələr, güllərin yuxusu sovuşmayacaq. Gecə bir kupedə yol gedəsiyəm yuxusuz, mürgülü gözlərlə yenə Yağışlı axşamın hədiyyəsini bir qız alıb, «sağ ol» deyəcək mənə. O da oxşayacaq, sığallayacaq qorxudan böyümüş şehli gözləri, heyrətli gözləri, zərif gözləri, ətirli gözləri, iri gözləri… Lənkəran, 1970 BİR QARIŞ KÖLGƏ Toyuqlar bir çimdik darıdan ötrü, sərçələr bir parça kölgədən ötrü, səri bir ümiddən, «bəlkə»dən ötrü ora vurnuxanda, bura qaçanda, atamın tərləmiş, düzlü kölgəsi bir qarış olardı. Atamın tərləmiş, sözlü kölgəsi elə o zamandan bircə qarışdır. O tərləmiş kölgə, o duzlu kölgə elə o zamandan, elə o gündən pencəyi, köynəyi, ürəyi kimi qırış-qırışdır. Neyləyim, axı – kölgə ütüləmək gəlmir əlimdən. Nəvəsi – bəvəsi böyüdü, amma atamın kölgəsi hey boy atmadı, heç əsgərliyə də aparmazdılar. Bir gün Qarayazı düzənliyindən bir qatara minib, Bakıya gəldi, Günəş şaxıyanda, üstümə düşdü, Atamın kölgəsi mənə qarışdı. Atamın kölgəsi bircə qarışdı, atamın kölgəsi mənə qarışdı. Neyləyim, axı – kölgə ütüləmək, kölgə uzatmaq, kölgə yelpikləmək, kölgə yaşatmaq, kölgə əzizləmək gəlmir əlimdən. 1969 GÜLLƏR DEMƏDİ… Getdilər. Getdilər fit çala-çala, Getdilər atları çimizdirməyə – Bizi aparmadılar, Qulançar yığmağa, moruq dərməyə Bizi aparmadılar. Yalvarıb-yalvarıb, dil tökəndə biz onlar üstümüzə ol ələdilər, qışqırıb-təpinib, hədələdilər: «Hələ uşaqsınız… nə yaşınız var…» Bir gün xəbər gəldi: dava başlanıb… Onlar əsgərliyə çağırıldılar. Nə tütək çaldılar, nə fit çaldılar, fikirli oldular, ağır oldular… Yola salanlara qoşulanda biz yalvarıb-yalvarıb, dil tökdü onlar: «Gəlməyin, qayıdın… geri qayıdın… Qayıdın atları çimizdirməyə, Qulançar yığmağa, moruq dəyməyə». Biz getdik atları çimizdirməyə, qulançar yığmağa, moruq yeməyə: düşüb arxamızca gəldi uşaqlar. Dilimiz gəlmədi bir söz deməyə. Onların yoxluğu düşdü araya, Oyunlar, «məclislər» qaldı yarımçıq. Toylar da seyrəldi, toyxanalar da, aşıq da havanı çaldı yarımçıq – Kəndimiz yamanca uralanmışdı, hərdən korun-korun yanırdı ocaq. Bir ağzıgöyçək də qaralanmışdı: «Deyəsən, gedənlər qayıtmayacaq» - Mərmilər, güllələr fit çala-çala Hey böyür-başından ötdü onların. Kətmən vura-vura, ot çala-çala baxdıq yollara. Getdilər, getdilər Berlinə sarı, getdilər, getdilər ölümə sarı. Güllələr demədi: geri qayıdın. Lülələr demədi: geri qayıdın, qəlpələr demədi: geri qayıdın, hələ uşaqsınız, nə yaşınız var… 1971 ÇAYLAR ÇİÇƏKLƏYƏR YAĞIŞ YAĞANDA Şıdırğı, selləmə yağış yağanda, Bizim evimizin yaxınlığında Arxlar çiçəkləyər, Kür çiçəkləyər. Suyunun sinəsi, üzü buluda, Hər damcı – təzəcə açılan buta, Açıla-açıla solar yerində. Bir az boy göstərib, dikləmək istər, Qorxulu-qorxulu bükülmək istər, Bükülə-bükülə ölər yerində. Şıdırığı, selləmə yağış yağanda, Mən o çiçəkləri görə bilirəm, Mən o çiçəkləri dərə bilirəm. Şıdırığı, selləmə yağış yağanda, Mənim xəyalımın uzaqlığında Araz çiçəkləyər, Kür çiçəkləyər, Dəniz çiçəkləyər, göl çiçəkləyər, Səma çiçəkləyər, çöl çiçəkləyər. Çaylar çiçəkləyər bahar gələndə, Arxlar yarpaqlayaq payız gələndə. 1973 VAXTLA UZLAŞMAĞA BACARMAYANDA Vaxtla uzlaşmağı bacarmayanda, Bircə saatlığa, bircə günlüyə, Heç olmazsa, bircə solğun sevinciylə Özümdən rədd olmaq istəyirəm mən – Özümdən rədd olmaq çətindir, çətin! Vaxtla uzlaşmağı bacarmayanda Prospektlər çıxan görünməz çığırlara, yeraltı keçidlərə, vaxtdan sədəqə uman təbəssümlü fağırlara Qranit sədd olmaq istəyirəm mən – Qranit sədd olmaq çətindir, çətin! Vaxtla uzlaşmağı bacarmayanda, Tanış professorun qocalmış eynəyindən, anamın gileyindən, maşın qovhaqovundan birindən, beşindən, yüzündən, vəsiyyətdən, nəsihətdən. Rədd olmaq, rədd olmaq istəyirəm mən, Birindən beşindən, yüzündən. Rədd olmaq çətin. Vaxtla uzlaşmağı bacarmayanda, Şəhərlər – əsəbi, kəndlər – yuxulu, təbəssümlər – solğun, yağışlar – ölü. Vaxtla dil tapmağı bacarmayanda Çəkilib könlümə susmaq istərəm Bax, belə!.. Saatınız neçədir, Vaxtla uzlaşmağı bacarmayanlar?! ilbizlər kimi. Geri qayıt |