İsa İsmayılzadə - Kölgə ütüləmək...
Tarix: Dünən, 17:02
İsa İsmayılzadə (İsa Mustafa oğlu İsmayılzadə) 1941-ci il martın 15-də Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub. 1958–1963-cü illərdə burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil alıb.
Ədəbi fəaliyyətə tələbəlik illərində "Aprel çiçəkləri" (1959) almanaxında və "Azərbaycan gəncləri" qəzetində (19 iyun 1961-ci il) çap etdirdiyi şeirləri ilə başlayıb. Öz yaradıcılığında poetik tərcüməyə də xüsusi diqqət vermiş, sosialist ölkələri yazıçılarının Moskvada keçirilən birinci Beynəlxalq simpoziumunda (1977), Asiya və Afrika ölkələri yazıçılarının Yurmalada keçirilən seminar-müşavirəsində (1978) iştirak edib. Şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə, habelə bir sıra xarici dillərə tərcümə olunub.
1963–1964-cü illərdə Qardabanidə orta məktəbdə müəllim, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor (1966–1968), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1968–1981), "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində işləyib (1981-ci ildən ömrünün sonunadək). Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin musiqili verilişlər baş redaksiyasında (müqavilə ilə) musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərib (1994-cü ildən). Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1980) olub.
1997-ci il iyulun 14-də Bakı şəhərində vəfat edib.
Civilazerbaija.com ustad şair İsa İsmayılzadənin şeirlərini təqdim edir:
İsa İsmayılzadə
KÖLGƏ ÜTÜLƏMƏK...
şeirlər
TANIŞ OLMAQ İSTƏYİRƏM
Əl uzanır: - Tanış olaq!
Əl uzanır: - Salamat qal!
Əl uzanır dosta, yada,
əl – hələlik,
əl – əlvida.
Tanış olmaq istəyirəm,
doğma olmaq istəyirəm
sahildəki qızıl qumla,
arxivdəki keçmişimlə,
bağçadakı tər çiçəklə,
sinəmdəki tər ümidlə,
tər arzumla.
Tanış olmaq istəyirəm,
doğma olmaq istəyirəm.
Cib dəftərim telefonla,
adla dolu olsa belə,
əl açıram –
təzə insan istəyirəm,
təzə ünvan istəyirəm.
Qaldırıcı, endirici kranlarla,
ağ ulduzla, ağ buludla,
qəbirləri qucaqlayan
mərmər rəngli,
torpaq rəngli lal sükutla,
tanış olmaq istəyirəm,
doğma olmaq istəyirəm.
Təyyarənin qanadının,
qatarların fit səsinin arxasınca
əllərimiz dalğalanır ağ yaylıq tək,
əllərimiz dalğalanır ayrılıq tək.
Əl açılır üzümüzə qapı kimi,
Əl açılır üzümüzdə güllə kimi.
Barmaqlarla
pillə-pillə
dırmaşırıq harasa.
Mən əllərlə tanış olmaq istəyirəm,
doğma olmaq istəyirəm –
əlcək geyən,
qabar döyən,
çəlik döyən,
kətmən döyən əllərlə.
Hərdən məndən küssə də,
bir əlin ömrünü uzatmalıyam
oxşaya-oxşaya
isidə-isidə.
Mənim əlim havadadır,
mənim əlim yollardadır.
Qarşıma kim çıxasıdır,
Qarşıma nə çıxasıdır –
Əlimi kim sıxasıdır,
əlimi nə sıxasıdır –
sıxsın görək!
1941
Mənim doğulduğum il
naməlum bir əsgərin
adı, ünvanı oldu.
Mənim doğulduğum il –
səngərlər də doğuldu,
tüstülər də doğuldu.
Səngərlərdə doğuldu,
tüstülərdə doğuldu,
mənim doğulduğum il.
Mənim təvəllüdümü
torpağın sinəsinə
xəncər yarası kimi.
Yer kürəsisdən keçən
döyüş səngəri yazdı.
Uzunboğaz çəkmənin
nallı dabanı ilə
Vətən əsgəri yazdı,
Göylərin sinəsinə
topun lüləsi yazdı,
Ulduzları isidən
fişəng şöləsi yazdı.
Yazdı təvəllüdümü
balınca göz yaşları,
yollara – anaların
ümidli baxışları.
Mən təvəllüd günümü
keçirmək istəmirəm.
Badələrin səsilə
oyatmaq istəmirəm.
Xatirə beşiyində
uyuşmuş həsrətləri,
Küsəyən qardaşımın
qabda qalan payı tək
soyumuş həsrətləri
oyatmaq istəmirəm.
Doğulduğum tarixə
Hamıdan çox yanıram,
Qara həşyə geyinmiş
şəkildən utanıram.
1962
YAĞIŞ GÖLMƏÇƏSİ
Damcılar göylərdən əlini üzdü,
Buludlar
özünə boylanmaq üçün –
bulanıq güzgütək gölməçələri
torpağa düzdü.
Yağdı, tala-tala gölməçə yağdı,
göylərin dəlisov ilhamı yağdı,
sərçələrin soyuq «hamamı» yağdı.
Yağış gölməçəsi buludla doldu,
Günəşlə,
payızla,
sükutla doldu.
Göyə yuxarıdan aşağı baxdım –
bir vaxt Avropanın salonlarından
Bodenşted bizə baxdığı kimi,
Daş atıb, göylərin evini yıxdım,
Göyə yuxarıdan aşağı baxdım –
bir vaxt Avropanın salonlarından
Bodenşted bizə baxdığı kimi,
Daş atıb, göylərin evini yıxdım,
Bir dərviş Parisi yıxdığı kimi.
«Atını» göylərdə sürdü çoxusu
ayağı çırmalı uşaqların da.
Çİlik-çilik oldu gölün yuxusu
çubuq köhlənlərin dırnaqlarında.
Uşaqlar yollandı yuxu dalınca.
Onların doluxmuş izi soğuldu,
Göy göyə çəkildi,
payız – ağaca,
Göy göyə çəkildi,
Gölməçə kor oldu –
elə bil, torpağın gözü soğuldu.
Arabir göylərə boylanmaq üçün,
gəlinlər kimi,
özünə daha çox inanmaq üçün
torpağa güzgü də,
köz də gərəkdir.
1962
HƏSRƏT
Sən qanadlı xəbər kimi,
yad qapını açan gündən –
Həsrətinlə yaşayıram bir otaqda,
həsrətinlə yaşayıram bir torpaqda,
bir dünyada.
Qatarlarda, təyyarələrdə, gəmilərdə
sənəd kimi öz yanımla
gəzdirirəm həsrətini.
Ora-bura sürüməkdən
bezdirirəm həsrətini.
İstəyirəm, azdıram mən həsrətini
alqış dolu salonlarda –
bacarmıram.
İstəyirəm, azdıram mən həsrətini
dalanlarda,
döngələrdə,
izdihamlı küçələrdə –
bacarmıram.
Həsrətinə gücüm çatmır, sənə – əlim,
İstəyirəm, həsrətini
Meşələrə, dənizlərə atıb gəlim –
Bacarmıram.
Həsrətinə gücüm çatmır, sənə – əlim
Süfrəmdəki çörək deyil, həsrətindir,
sinəmdəki ürək deyil, həsrətindir, - hey döyünən
Ürəyimin başını mən
ovuduram bir uşaq tək.
Səndən qalan xatirələri,
olub-qopan həsrətini
ürəyimin qabağına atıram mən
oyuncaq tək,
öz başımı qatıram mən
bir uşaq tək.
Həsrətini içirəm mən,
həsrətini çəkirəm mən.
Nə yaxşı ki, həsrətin var!..
Həsrətinlə yaşayıram bir otaqda,
həsrətinlə yaşayıram bir torpaqda,
bir dünyada,
Yaşayıram,
yaşayıram,
yaşadıram həsrətini.
1963
OYUNCAQSIZ UŞAQLIĞIM
Mənim oyuncağım olmayıb heç vaxt.
Hərdən kövrələndə,
uşaqlaşanda,
yaşımdan, təmkindən…
nə bilim, nədən
beşcə addımlığa uzaqlaşanda,
özümə oyuncaq almağım gəlir.
Yapışıb əlindən körpəliyimin
«Uşaq aləmi»nə çəkmək istərəm –
Günlərin bir günündə
balaca İsaya mağazalardan
bir qucaq sevinc alam.
Ciblərinə, papağına, qoynuna
qonşudan oğurlanan
alma əvəzinə, armud yerinə
sevinc dolduram.
Bir papaq sevinc,
iki cib fərəh
bəs eylər ona.
Sonra uşaq xəyalım,
uçub gedə kəndimizə.
Plasmas sevincindən
plastilin fərəhindən,
bir də rezin şadlığından
paylaya uşaqlara.
«ZİM balası» ilişib, tozlu yolda qalanda,
«təyyarə»nin qanadını
dəcəl əllər, sərt budaqlar qıranda –
gərək məndən inciməsin
görməmiş uşaqlığım.
Mənim oyuncağım olmayıb heç vaxt,
Oyuncaq yollara asfalt çəkilib.
Oyuncaq arxlar da çoxdan quruyub,
Oyuncaq ağaclar çoxdan qarıyıb,
yandırılıb sobalarda
Sevinc oyuncağım olmayıb heç vaxt.
İndisə hərdən
mənə qonaq gəlir oyuncaq sevinc –
bir ürək,
bir otaq,
bir qucaq sevinc…
1967
ETİRAF MAHNISI
Mənim boyum – yüz altmış dörd,
mənim sinəm – əlli beş.
Ürəyim də lap balaca.
Mən böyük sevincə alışmamışam,
Mən böyük sevincdə alışmamışam,
Sevinc küləyindən, fərəh mehindən
Köksüm körük kimi genişlənəndə –
divar sinəmin çatlamasından,
qumbara ürəyimin partlamasından,
bir az qorxuram.
Ürəyimin də
sevinc tutumu
arzumdakından
min dəfə kiçik.
Daha doğrusu –
sən dəfə kiçik.
Nəyimə gərək «sevincmetr»lər?
ürəyim varsa,
«Sevincmetr»siz də yola gedərəm.
Mən böyük sevincə alışmamışam,
Mən böyük sevincdə alışmamışam.
1967
GÜNLƏRİN BİR GÜNÜNDƏ
Günlərin bir günündə
əsim-əsim əsdi yel.
Bir qatarın dalınca
gözlərim də tələsdi,
əllərim də tələsdi.
Günlərin bir günündə
çarpayının üstündə
yoxa çıxdı bir şəkil.
Divarlar üstümə gəlmək istədi,
ağaran şəkil yeri
gecələr üstümə gülmək istədi…
Günlərin bir günündə
soruşdular adımı:
illər keçdi üstümdən,
yellər keçdi üstümdən
mən bir cavab verincə.
Günlərin bir günündə
vuruldum ulduzlara –
ulduzlar diksinmədi
Yorulub, yola düşdüm,
Əlimi qaldıranda
qatarlar əylənmədi,
təyyarələr enmədi.
Ömrümdə bircə kərə
əl elədim vaqonlara,
əl elədim günlərə,
durnalara, əllərə…
Günlərin bir günündə
əsim-əsim əsdi vaxt.
Əllərim də tələsdi
yollarım da tələsdi.
Günlərin bir günündə
gedib çatıb axır ki,
məndən qaçan arzuya,
məndən qaçan illərə,
məndən qaçan günlərə.
1968
KÖHNƏ YUXULAR
Bu axşam yaxşıca qəribsəmişəm,
Əllərin yuxuma gəlib çıxmasa,
göbələk dərməsəm, moruq yığmasam,
buluddan asılan beşiyin üstə
laylay eşitməsəm –
yatmayacamam,
yatmayacağam, yatmayacağam.
Bu axşam yaxşıca qəribsəmişəm:
bu neon deyilən ağ şam neyləsin,
bu şəhər neyləsin, axşam neyləsin.
…İndi o çöllərdən keçər metrolar,
bir vaqon göbələk yığıram ordan.
Sonra da qatarlar düzələr yola,
Bakıya qayıdar.
Beləcə hər gecə çıxar aradan.
Bir qucaq sünbül də ətəkliyə yox,
vaqonlara dolar, indi hər gecə.
Mən – ayağıyalın, mən – başıaçıq…
İnək otararam yuxalarımda.
Köynək axtararam, başmaq gəzərəm
kəndimizə köçən univermaqda.
O yollar, o illər o
əllər çoxdan
Bakıya köçüb.
…Bu da alatoran!
Nimdaş paltaralan
gəlib keçəcək,
köhnə köynəyim ki, yoxdur satmağa:
paltarım təzədir, dostlarım təzə.
Təkcə yuxular var… köhnə yuxular.
Ona da müştəri tapılmaz yəqin.
Yarımçıq yuxular, qırıq yuxular,
kəpənək yuxular, qoruq yuxular,
biçənək yuxular, moruq yuxular
yıxılar, diksinər, sıxılar hər gün
tramvay səsindən, maşın səsindən.
Bir kənd şəhərim var, bir şəhər kəndim,
yerim lap rahatdır, arxayın olun…
1969
İŞIQLAR
Qatar tərpənəndə, elə bildim ki,
dostlarım məni yola salınca –
şəhər işıqları düşüb dalımca
atlı qoşun kimi qovacaq məni…
pəncərə önündə donub qalmışdım.
Şəhər işıqları göz-göz yanırdı,
qatar sərxoş-sərxoş yığalanırdı.
Gecə lampaları – yuxu rəngində,
Dəhliz – ala-toran, kupe – mürgülü…
Pəncərə önündə donub qalmışdım.
İşıq dirəkləri – işıq hörüklü
milyon qıza dönüb, mənə baxırdı.
Bu milyon baxışda gözüm qamaşdı.
Hörüklü qızlarla bircə anlığa
danışmaq istədim – dilim gəlmədi,
sözüm qamaşdı.
Pəncərə önündə donub qalmışdım.
Şəhər işıqları göz-göz yanırdı,
qatar sərxoş-sərxoş yırğalanırdı,
şəhərin üstündə – bayram şamları…
uzaqda alışan hər dik, hər təpə
Novruz xonçasını xatırladırdı.
İşıq hörüklər qaldırıb göyə
Bilmirəm, niyə
başının üstündə tutmuşdu onu.
* * *
Şəhər işıqları düşüb arxamca
atlı qoşun kimi gəlirdi hələ.
İşıq qoşununu yarıb keçməyə,
işıq ordusunu vurub keçməyə
təsəsirdi qatar.
Birdən yoxa çıxdı qoşun
Gecə tunelinə cumdu vaqonlar,
Qaranlığı yara-yara
gedirdi qatar…
* * *
Gecə belə sovuşdu,
üfürüldü şam kimi.
Şütüyə-şütüyə
Qatar çatdı səhərə.
Günəşin tellərindən
şığıyıb keçə-keçə.
Günəşin tellərini
sünbül kimi biçə-biçə
getdi qatar.
İşıq hörüklərin
gözündən itdi qatar.
* * *
Pəncərə önündə donub qalmışdım.
Qovaq yarpağından, tut yarpağından
könlümdə yamyaşıl ümid alışdı.
Baxdım – gözüm qamaşdı.
Qovaq yarpağını, tut yarpağını
Səsləmək istədim, dilim gəlmədi,
Sözüm qamaşdı.
Yaşıl işıq düşdü yolumun üstə
yaşıl hörüklü qız – söyüd görüncə…
Mən yaşıl nəğməli bir qız görmüşəm,
işıqlı saçını özüm hörmüşəm
yaşıl əyyamında uşaqlığımın…
1976
BELƏ HAVALARDA
Təkərlər altında döşənib yağış.
Yağış döngəsindən keçir maşınlar,
yağış küçəsindən qaçır adamlar.
Belə havalarda neyləmək olar?
Şırhaşır
şəhəri alıb başına.
Bağlandı düymələr, gizləndi əllər,
bu yağış altında qoyub axşamı
yenə öz evinə çəkildi hamı.
O körpə günlərə qayıtmaq üçün
belə havalarda neyləmək olar?
Bəlkə sən deyəsən, divar saatı?
Bəlkə sən deyəsən, yaşıl telefon?
Gölməçə həvəsli,
biçənək səsli
ayağı çırmalı bir dəstə uşaq
gecə, yuxusunda yemlik dərəcək,
göbələk tapacaq – özündən iri,
çiyələk tapacaq – gözündən iri.
Mənim gözlərimlə tapacaq onlar,
mənim əllərimlə dərəcək onlar.
Belə havalarda onlar hər gecə
tapmaca deyəcək mənim səsimlə,
mənim əllərimlə qurşaq tutacaq,
mənim gözlərimlə yuxu görəcək.
1968
YARPAQ ODASI
Camal Yusifoğluna
Payızda ağaclar fikirli olur.
Fikirli-fikirli susar yarpaqlar,
fikirli-fikirli göyə sovrular,
başımın üstündə buludlar ağlar…
Payızın fikrini bilmək istəsən
gərək ağac olasan,
gərək yarpaq olasan
gərək budaq olasan.
Dəniz də fikirli, qağayılar da,
fikirli-fikirli yağar yağışlar.
Bütün illərimi, qayğılarımı
duyğumu evimə yığar yağışlar.
Dənizin fikrini bilmək istəsən,
gərək dalğa olasan,
Yağışın fikrini bilmək istəsən,
gərək bulud olasan.
İlləri yenidən görmək istəsən,
Gərək vaxt olasan, sükut olasan
qorxulu-qorxulu baxacaq onlar,
yuxulu-yuxulu baxacaq onlar.
Kimsə zəng eləyib, xəbər alacaq
yağışlı gecəni necə yatmışam.
Xidmətçi xala da dilxor olacaq:
- Bağışlayın, sizi gec oyatmışam.
Heç kəs o gülləri soruşmayacaq,
Lap axşama kimi mürgüləsələr,
güllərin yuxusu sovuşmayacaq.
Gecə bir kupedə yol gedəsiyəm
yuxusuz, mürgülü gözlərlə yenə
Yağışlı axşamın hədiyyəsini
bir qız alıb,
«sağ ol» deyəcək mənə.
O da oxşayacaq, sığallayacaq
qorxudan böyümüş şehli gözləri,
heyrətli gözləri, zərif gözləri,
ətirli gözləri, iri gözləri…
Lənkəran, 1970
BİR QARIŞ KÖLGƏ
Toyuqlar bir çimdik darıdan ötrü,
sərçələr bir parça kölgədən ötrü,
səri bir ümiddən, «bəlkə»dən ötrü
ora vurnuxanda, bura qaçanda,
atamın tərləmiş, düzlü kölgəsi
bir qarış olardı.
Atamın tərləmiş, sözlü kölgəsi
elə o zamandan bircə qarışdır.
O tərləmiş kölgə, o duzlu kölgə
elə o zamandan, elə o gündən
pencəyi, köynəyi, ürəyi kimi
qırış-qırışdır.
Neyləyim, axı –
kölgə ütüləmək gəlmir əlimdən.
Nəvəsi –
bəvəsi böyüdü, amma
atamın kölgəsi hey boy atmadı,
heç əsgərliyə də aparmazdılar.
Bir gün Qarayazı düzənliyindən
bir qatara minib, Bakıya gəldi,
Günəş şaxıyanda, üstümə düşdü,
Atamın kölgəsi mənə qarışdı.
Atamın kölgəsi bircə qarışdı,
atamın kölgəsi mənə qarışdı.
Neyləyim, axı –
kölgə ütüləmək, kölgə uzatmaq,
kölgə yelpikləmək, kölgə yaşatmaq,
kölgə əzizləmək gəlmir əlimdən.
1969
GÜLLƏR DEMƏDİ…
Getdilər. Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə –
Bizi aparmadılar,
Qulançar yığmağa, moruq dərməyə
Bizi aparmadılar.
Yalvarıb-yalvarıb, dil tökəndə biz
onlar üstümüzə ol ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
«Hələ uşaqsınız… nə yaşınız var…»
Bir gün xəbər gəldi: dava başlanıb…
Onlar əsgərliyə çağırıldılar.
Nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular…
Yola salanlara qoşulanda biz
yalvarıb-yalvarıb, dil tökdü onlar:
«Gəlməyin, qayıdın… geri qayıdın…
Qayıdın atları çimizdirməyə,
Qulançar yığmağa, moruq dəyməyə».
Biz getdik atları çimizdirməyə,
qulançar yığmağa, moruq yeməyə:
düşüb arxamızca gəldi uşaqlar.
Dilimiz gəlmədi bir söz deməyə.
Onların yoxluğu düşdü araya,
Oyunlar, «məclislər» qaldı yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq –
Kəndimiz yamanca uralanmışdı,
hərdən korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də qaralanmışdı:
«Deyəsən, gedənlər qayıtmayacaq» -
Mərmilər, güllələr fit çala-çala
Hey böyür-başından ötdü onların.
Kətmən vura-vura, ot çala-çala
baxdıq yollara.
Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var…
1971
ÇAYLAR ÇİÇƏKLƏYƏR YAĞIŞ YAĞANDA
Şıdırğı, selləmə yağış yağanda,
Bizim evimizin yaxınlığında
Arxlar çiçəkləyər,
Kür çiçəkləyər.
Suyunun sinəsi, üzü buluda,
Hər damcı – təzəcə açılan buta,
Açıla-açıla solar yerində.
Bir az boy göstərib, dikləmək istər,
Qorxulu-qorxulu bükülmək istər,
Bükülə-bükülə ölər yerində.
Şıdırığı, selləmə yağış yağanda,
Mən o çiçəkləri görə bilirəm,
Mən o çiçəkləri dərə bilirəm.
Şıdırığı, selləmə yağış yağanda,
Mənim xəyalımın uzaqlığında
Araz çiçəkləyər, Kür çiçəkləyər,
Dəniz çiçəkləyər, göl çiçəkləyər,
Səma çiçəkləyər, çöl çiçəkləyər.
Çaylar çiçəkləyər bahar gələndə,
Arxlar yarpaqlayaq payız gələndə.
1973
VAXTLA UZLAŞMAĞA BACARMAYANDA
Vaxtla uzlaşmağı bacarmayanda,
Bircə saatlığa, bircə günlüyə,
Heç olmazsa,
bircə solğun sevinciylə
Özümdən rədd olmaq istəyirəm mən –
Özümdən rədd olmaq çətindir, çətin!
Vaxtla uzlaşmağı bacarmayanda
Prospektlər çıxan
görünməz çığırlara,
yeraltı keçidlərə,
vaxtdan sədəqə uman
təbəssümlü fağırlara
Qranit sədd olmaq istəyirəm mən –
Qranit sədd olmaq çətindir, çətin!
Vaxtla uzlaşmağı bacarmayanda,
Tanış professorun
qocalmış eynəyindən,
anamın gileyindən,
maşın qovhaqovundan
birindən,
beşindən,
yüzündən,
vəsiyyətdən,
nəsihətdən.
Rədd olmaq, rədd olmaq istəyirəm mən,
Birindən
beşindən,
yüzündən.
Rədd olmaq çətin.
Vaxtla uzlaşmağı bacarmayanda,
Şəhərlər – əsəbi,
kəndlər – yuxulu,
təbəssümlər – solğun,
yağışlar – ölü.
Vaxtla dil tapmağı bacarmayanda
Çəkilib könlümə susmaq istərəm
Bax, belə!..
Saatınız neçədir,
Vaxtla uzlaşmağı bacarmayanlar?!
ilbizlər kimi.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər