Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Nərgiz Absalamova “Azad Media” mükafatına layiq görülüb
Nərgiz Absalamova “Azad Media” mükafatına layiq görülübDünən, 14:34. |
"Abzas Media" korrupsiya araşdırmaları nəşrinin həbsdə olan jurnalisti Nərgiz Absalamova "Azad Media" mükafatına layiq görülüb. Mükafatın qaliblərini sentyabrın 9-da Norveçin "Fritt Ord Foundation" və Almaniyanın "ZEIT Stiftung Bucerius" fondları elan edib. Civilazerbaijan.com bildirir ki, media mükafatı Ukrayna, Gürcüstan, Macarıstan, Rusiya, Belarus və Azərbaycandan altı media orqanı və jurnalistə verilib. Təsisçilər onların getdikcə çətinləşən şəraitdə cəsarətlə araşdırmaçı jurnalistika ilə məşğul olduqlarını bildirir. N.Absalamovanın bu mükafata "Abzas Media" üçün cəsarətli xəbərləri və qısa sənədli filmlərinə görə layiq görüldüyü vurğulanır. Onun daha çox iqlim məsələlərini, korrupsiya və sosial hüquqları işıqlandırdığı qeyd edilir. "O, həssas yerli icmalardan olanların, o cümlədən ayrıseçkiliyə məruz qalan qadınların, gənclərin səsini eşitdirib. Sosial mediada onun videoreportajlarına milyonlar baxıb, vətəndaş cəmiyyətinə müsbət təsir göstərib. Kamerası dəfələrlə müsadirə olunub, dəfələrlə polis qəddarlığı ilə üzləşib", – qurumların yaydığı pres-relizdə deyilir. N.Absalamova 2023-cü il dekabrın 1-də qaçaqmalçılıq ittihamı ilə həbs olunub. "Abzas Media"dan digər həmkarlar kimi, onun da ittihamı sonradan ağırlaşdırılıb. Bu ilin iyununda 8 il həbs cəzasına məhkum edilib. Hazırda Azərbaycanda 20-dən çox jurnalist oxşar ittihamlarla həbsdədir. Onlar ittihamları rədd edir, tənqidi və araşdırmaçı jurnalist fəaliyyətinə görə cəzalandırıldıqlarını deyirlər. "Fritt Ord Foundation" və "ZEIT Stiftung Bucerius" Azərbaycanda doqquz qadın jurnalistin maliyyə ittihamları ilə həbsdə olduğunu bildirir. "Beynəlxalq media təşkilatları qeyd edirlər ki, qadın jurnalistlərə hücumlar onları ictimai həyatdan uzaqlaşdırmaq niyyəti güdür. Bu, sadəcə Azərbaycanda mətbuat azadlığı ilə bağlı xəbərdarlıq deyil. Avtoritar ölkədə bir qadın üçün jurnalist kimi çalışmaq həm çətin, həm də təhlükəlidir", – pres-relizdə vurğulanır. "Azad media” mükafatına Ukraynada "Qvara Media" platforması, Gürcüstandan jurnalist Mzia Amaqlobeli, Macarıstandan "Direkt36" onlayn media platforması, Rusiyadan fotojurnalist Aleksandra Astaxova, Belarusdan Belarus Araşdırma Mərkəzi layiq görülüblər, AzadlıqRadiosunun məlumatında qeyd olunur. Geri qayıt |