Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Sənət / Manşet / Üst manşet > Kəramət Kəramət. Sadəcə, göy üzünə bax, gülümsə... - ŞEİRLƏR
Kəramət Kəramət. Sadəcə, göy üzünə bax, gülümsə... - ŞEİRLƏR21-02-2026, 15:28. |
|
Şair Kəramət Kəramət (Kəramət Rza oğlu Şükürov) 1 dekabr 1957-ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub. Əmək fəaliyyətinə Göyçöl kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb. 1987-ci ildən "Yazıçı" və "Elm" nəşriyyatlarında çalışıb, Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub. Bir müddət "Novruz", "Oğuz eli" qəzetləri ilə əməkdaşlıq edib. "Nəfəs", "Yeni quruluş" qəzetlərinin Baş redaktoru, "Məqam" qəzetinin şöbə müdiri olub. Tələbəlik illərindən hekayə və şeirləri dövri mətbuatda, "Ulduz" jurnalında və "Yaşıl budaqlar" almanaxında dərc olunub. O, 13 avqust 2025-ci il tarixdə Bakı şəhərində vəfat edib. Civilazerbaijan.com Kəramət Kəramətin "Sadəcə, göy üzünə bax, gülümsə..." şerilər silsiləsini təqdim edir: Kəramət Kəramət SADƏCƏ, GÖY ÜZÜNƏ BAX, GÜLÜMSƏ... şeirlər QATARLAR ŞÜTÜYƏR GECƏLƏRİMDƏ Minərəm upuzun polad maşına, Səyyar mənzilimdi dar kupeləri. Gecəni şal kimi örtüb başına, Arxamca boylanar kənd təpələri. Gözləmə zalıdı yaşadığım gün, Qatarlar şütüyər gecələrimdə. Anam oyanar ki, üstümü örtsün, Görər ki, yoxluğum yatıb yerimdə. Şübhələr səpilər sözün düzünə, Qatarın səsini layla bilərəm. Baxmağa üzüm yox kəndin üzünə, Gecəni üzümə tutub gələrəm. 1976 GÖY ÜZÜNƏ YAZACAĞAM ŞEİRLƏRİMİ Onsuz da bu basabasda məni görməzsən, bu tünlükdə uçacam və durnalarla birgə. Göy üzünə yazacam şeirlərimi. yerdən bezəndə, ömründə bir dəfə başını qaldırıb göyə baxanda görərsən məni. Göy üzündə olan birini - yağışmı, buludmu, günəşmi adını sən qoyarsan, amma ad gününə çağıranda unutma, ya da unut sadəcə, göy üzünə bax, gülümsə. AYRILIQLARIN ŞAHI HƏYATA - ƏLVİDA Dayanmışdı qapıda neçə pud daş asılan ayaqları hər addımı yapışırdı yerə sürünə-sürünə deyirdi: - Getmə, yavaşı, hamı atıb gedib, sən məni atma. Tərk edilən, unudulan yalan dəyirmanıdı Yer kürəsi noolur... sənsə unutma. Osa... zalımcasına qovurdu baltasından qan daman zaman çathaçatdaydı. Qüruba boyanan ömür günəşi Bathabatdaydı. ADAMI OLMAYAN ADAM Əgər vaxtım olsa.., səhərə çıxsam, evimdən qurtulub şəhərə çıxsam, Mən səni arasam, görsəm ki, yoxsan Sonranın sonrası sonra da olmur. Olmur, canım-gözüm, olmur ki olmur, əriyir bu ömür sabaha qalmır, günahda yuyulur, savaba qalmır, ithürən tərəfə yüyürür axşam. Zormu istəyirsən... zor mənlik deyil, Beşik mənlik deyil, gor mənlik deyil, kimdən istəyirsən, sor, mənlik deyil, Adam, adam deyil, adam... bu adam. *** Namaz qılanda belə diz çökməyi bacarmıram. Amma sənə yalvarıram, getmə, məni tərk etmə. Onsuz da sonuncu sərnişinsən alıb aparacaq, bahar, payız küləkləri zibilqabına belə atmayacaqlar zibilləri də tanıyıram, zibilqabı mənim, ərazi də. Gülə-gülə yola salaram sərxoşca, axmaqca qarşılayaram telefonuma çıxmasan belə, tellefonundakı şərqiyə qulaq asıram hələ... hələ. "Sevgi" deyilən nə? Bilirsənmi, Aldanan adamları sevir hamı. heç kəsə, heç nə demə onda seviləcəksən. Sevgi böyüklərin oyuncağıdı, - o gecə sənə demədimmi. O GECƏ O gecədən don biçmişəm, Əyninə gey, anam-bacım. O gecəni tikə-tikə doğradım. Qara-qara bayraqları Yelləndirin yurd boyu. Siz, ey sağ qalanlar! Üzümə-gözümə geydim gecəni. Qara bayraqlar yeridi Şəhidlərim dalınca, çatmadı. Çatmaq olmur şəhidlərin dalınca, Bir gün şəhid olmadan. Qəbir-qəbir dikəlir, Qalxır vətən torpağı. Endirin asta-asta burda - tabutlar enən yedə Şəhid şəhidin üstə, - Ağrıdırımı, şəhidim... Endirin şəhidləri Yurd bayrağı enəntək. Yaralı evlər qaldı, Yaralanan ağaclar, Bir də ki, iniltilər: - Of! Bizi də aparıb, Aparıb basdırın, Allah xatirinə... Şəhidim, şəhidim, öndə qara bayraqlar gedər. Qara-qara bayraqlardan doğular Yurd bayrağı! Sən ki, bunu bilirsən, Şəhidim, hey... şəhidim!.. Qara bir külək əsdi, Əsdi əsdiyi yerdən. Gecə qara, külək qara... Əsdi keçdi içimizdən, Səsimizi, sözümüzü dənlədi, Edib keçdi gücümüzdən. Xoruzlar səsini kəsdi, Qorxu-ürkü banladı. Sığışmayan qara gözlər Ulduz axışında itən göylərə Vəsiyyətimi elədi. O gözlər nə deyirdi? Onu bir Allah bilir, Bir də bu qara torpaq. Anası qucağına sığınan uşaq kimi, Sığınmışdı şəhidlər bir-birinə. Səs gəldi qara torpaqdan, Bircə şəhidlər eşitdi: - Neçənci kərədir ölürsən, bala, Neçənci kərədir qurban gedirsən? Ölməyə haqqın yoxdur! Qalx, qalx, düzəl yola... Ta... ta... ta... Ta-ta-taaa! Qulağıma tuta-tuta qaçıb girdim o gecənin içinə Havada səsləri güllələdilər, Səsin səsi çıxmasın deyə, Səsləri yandırıb kül elədilər. Səslə, harayla hörülüb tikilibdi bu gecə. Fit səsi. - "Koroğlu uverturası", - Ah!.. - Of!.. - Hardasan, Azərbaycan? - Oyan, Bakı! Havada səsləri güllələdilər. Bakı əliyalın durub baxdı, Azərbaycan əlacsız, İçini yeyən qurdu Yüz ildi ki, gəzirdi. Radionu, ekranı, Bakının işığını, Qocasını, uşağını Güllələdilər, güllələdilər... Nəvəmin nəvəsi, bunu bil! Bunu bil, bu yurdun daşı, ağacı! Yağı olsan öz-özünə, Yer üzü sənə düşmən! Bil və heç vaxt unutma! Yaralı gəlinlər, qanı axan körpələrə yol olanda, Yaralı balasına Gəzər nəsə bükməyə, Gəzər, heç nə tapammaz, Uzadar əlini o gecədən bir parça, Bükər ciyərparasına. 25 yanvar, 1990. ÜMİD, MƏN VƏ SƏN Çox “ümid” deyirdin, Qırxıncı otaqda açılı qaldı. Sabaha uzanan əllərinə də Kilidsiz qapının açarı qaldı. Hə boylan - tünlükdə görünməz boyun. Göz dikmə Qəlbinə səpdiyin dənə. Gəlib axırına çıxdım bu yolun, Ümiddən o yana yol göstər Mənə. Gözünə verirlər bu boyda Göyü, Dilini lal eylə, qulağını kar. Al apar, anana ümid örpəyi, Bu ümid atana yarayırmı, gör? Qınamaq olmur ki redaktoru da, Sənə qucaq-qucaq ümid verəndə. Ümid ekranından şeir oxudun, Şeirin çap olundu ümidlərində. Götür, lap çox götür - saxlancında var, Nə alsan, ümid ver o satıcıya. Novruz bayramında kəndə gedəndə Yeddi ümid apar yeddi bacıya. Kim idi şəhərdə qolundan tutub, Külək oynayan evə apardı? Dedi ki: “Tanış ol, Ümid bax budur”, Adına “yalan” da demək olardı. Daha qulağını dəng eləmirəm, Gördüm sonrasının sonrasını da. Haçandır ümidə zəng eləmirəm, Unutdum telefon nömrəsini də. Hər bir aldanışın sonunda bir Ah… Bu Ümid küçəsi qutarır yenə. Mən ümid oğluyam, yollarıma çıx, Ümiddən o yana yol göstər mənə. Ümiddən o yana yol göstər mənə... YOLA QAPI QOYMAZLAR Namazı gurultuyla qılmazlar Duanı qışqırmazlar Mahnını anqırmazlar Sevgini car eləməzlər Yola qapı qoymazlar aldanmağa hazır kütləni dübarə aldatmazlar Millətcə müğənni, şair olmazlar Özünü yorma, qanmazlar onsuz da qanmazlar... GÖZ YAŞININ RƏNGİ BİRDİR Həm də acıların acısı yandıra-yandıra axar. Mən göz yaşı manyakıyam, süz, badəyə süz, öz göz yaşımı içim. QAPAĞINA KİLİD VURULAN TABUT Ya Rusiyadan gələr, ya Türkiyədən İçində bir az sən var, bir az mən Gedəndə kilid vurmuşdu evinin qapısına Açarını əmanət etmişdi qonşusuna. Camal Yusifzadənin ruhu sorar ki -Ay qonşu,bu evin yiyəsi hanı? Sonra Məmməd İsmayıl da hayqırar ordan -Ağacdələn, döy qapımı, döy görüm Dirimizi qovan... Ölümüzü qucaqlayan torpağım, NECƏSƏN?. *** Duel Kişi işidir, Bu vuruş namərd oyunu, tülkü tülküylə boğuşsun xas igid tapsın tayını. Həmin rejissordur, köhnə dramdı, Bir 'namərd' rolu da öhdəmə düşüb. Yerini dəyişib iştirakçılar, Ancaq rejissorun, tamaşaçının acığına mən. O sırtıq üzünə Bu yağlı şilləmi qıymayacağam. Sən də utanırsan öz "qələbəndən", Başını aşağı salıb keçirsən. Haçansa yazdığım beytimi mən də öz-özümə pıçıldayıram: - Ağaclar yıxıldı ucalığından Kişilər yıxıldı kişiliyindən. BAX, GÜNÜN BİR GÜNÜ BELƏ OLACAQ ...məni qovacaqlar bir qəbilədən və sairədən, məndən qidalanıb məni iştahla yeyəcəklər ha..ha.. Qədim dünyada deyil, indi sonra ardımca düşüb izlərimi yığacaqlar və mən şeir yazacam. "Əlində torbasını Bəxtitək sıxa-sıxa Kimsə gəzir dalımca İzimi yığa-yığa". Sonra görəcəyəm ki, həmişə belə olub əgər kişiliyiniz çatırsa, kitabları yox ADAMLARI YANDIRIN! *** Əziz dostlar, Biləsiz ki Mən sizinlə güldüm, getdim Elə sanmayın getmişəm, Mən sizinlə qaldım, getdim. Rejissor da, rol ayrıdı Mənə ayrı rol ayrıldı İmtina etdim, ayrıldım Gülənlərə gülüb getdim. Həyat özü zarafatdı, Kim Nədisə, ona Satdı Hamının başını qatdı Gedib-gəldim, gəlib-getdim... 29/12/2018 *** Hadinin qəbrisən, yerin bilinməz, Qeybə çəkilərsən, sirri-xudasan. Yollar silinibdi, sənə gəlinməz, Daha kimsə bilməz harda, hardasan. Uçar, göy qübbəsi, uçar başına, Günahkar yaddaşın daşqalaq eylər. Bəlkə də, dönmüsən Simurq quşuna, Qaranquş yuvalı yiyəsiz evlər... Soyuyan əlinə təsbeh yaraşar, Qalarsan beləcə girinc-giriftar. Quruyan dodağa "ah", "eh" yaraşar, Sənə sarı gələn bir qaraltı var... *** Çıxsa bataqlıqdan-adamxanadan, O, dahi olardı... sən mənə inan. Fəxri vətəndaş tək dönərdi yurda, Bu gün aramızdan qovulan insan. Xəcil də olmazdı uşaq yanında, Ucuz kafelərdə baxmazdı kefə. Donmazdı baxışı buz dolabında, Dönməzdi siçan da küsdüyü evə. Küçə itlərinə qoşulub iti, Məstan qonşu evə pənah aparmış. Nəyi xatırlasın? Yaddaşı itib, O boş çərçivədən şəkli baxarmış. Buynuzu olmur ki, Böyük Adamın Hamıdan fərqliydi, bizlərdən biri. Filankəs deyilsən? Adını danır. Vallahi, hər yerdə görünür yeri. Onda səslənirdi vaxt küləkləri, Bir qəzet küncündə nekroloqu var. Vüqarlı üzündə qar dənələri Bir gözü limandı, bir gözü vağzal. 2006 XOR ...səsim kobud pozur xor kopellasını və dışlanıram konüllü mühacirəm məmnun-məmnun gedirəm fid çala-çala. hamı bilir gedənlər...həm də özündən çıxıb gedər, geri dönməz daha cənazələri də... xorla ağlar gülər xorla arxada qalanlardı cənazə namazları, kilsədəki xor.. bircə libaslar fərqli- sexdən-sabahın ağzından-fabrikdən çıxıb səpilir adamlar küçələrə hamı bilir ki kimsə dönməz XORA *** Ürəyim yerindən çıxar bu gecə düşər ayağın altına, tapdalayıb gedərsən. Yoluna tökülən xəzəl bilərsən arxanca yüyürər ürəyim onda qəfil külək qopdu belə bilərsən. Yenidən ürəyim düşər qarşına, sənin tapdağına öyrəncəliyəm, - tapdala, tapdala... Ruhum iqlimi dəyişirsə Yerini dəyişdinmi yatağını dəyişən çaylar kimi olarsan qovrula-qovrula. Qıvrıla-qıvrıla çeynəyərsən gecəni üstündən götürüb atmağın gələr qara yorğanı belədi, adamı dəyişmək də belə. Yurdunu, dinini dəyişmək kimi bir şey öyrəşərsən çirkli havalara ən murdar adama - qızılgül kimi qoxlarsan taparsan gözüyumulu adamın xəritəsində Şimal Buzlu okeanı. Bağdadı belə titrək barmaqların gəzər O-nun bədənində Məkkə divarında gəzir kimi. Amma... məni necə tanırsan necə öyrəşərsən mənə ömrün labirint küçələrinin harasında taparsan məni - özü-özünü itirən adamı. *** Mən səni sənə sevdim Mənə sevmədim ki... bir ömür yox min sənə sevdim. Ayrılıqlar acığına dönə-dönə sevdim. Gülsən, bağçaya çiçəksən, çölə sevdim. Heç nə ummadım elə-belə sevdim. Bax, səni əla sevdim. KÖLGƏNİN KÖLGƏSİ Mənə başqa rol ver, əziz rejissor, çox korluq çəkirəm sevgi sarıdan. Nə məni usandır, nə özünü yor dəyiş Kəraməti, suflyoru da. Yaramaz artisti qov bu səhnədən, bax, mənə yaraşan bir faciə var. Kölgənin kölgəsi yalan adamam Mənə başqa rol ver, əziz rejissor. *** Adamın min danəsi olmur ki, bir danəm, unudulmazım mənim. Hind filminə baxanda başını çiynimə qoyub ağlayanım, dəli hallarıma gülənim. Məndən ötrü ölənim, ikimizə bir qəbir qazılsın deyənim - Adamın min danəsi olmur ki, bir danəm. *** Bilirsənmi, Sevgili qara qapı açmadın, güləndə ağlamadın ağlayanda gülmədin. Üzü üzlər görən sürtük, sevgili bakirə yeri yox ki, sürtük fələyin ona görə qorxarsan tənhalıqdan, ölümdən qorxmagil. Təklənib döyülən mən bilir bunu həmişə aldanan atılan, unudulan, satılan və bütün bunlara ssenarist kimi gülən mən bilir. Xoşum gəlir uşaqların həyatın qızılgülünün üstünə çiş eləməyindən mənim hayıfımı alırlar, sanıram. ÜRƏYİM "Quran"dan öncə çörək çörəkdən öncə ürək gəlib, ürəyim. Bax, bu günahkar əllərimi ürəyinin üstünə qoyub and işirəm ki, ürəyim, dünya günahkar deyil. Günahkar deyil dünya belə naqis doğulmasına əllər günahkardı, dillər günahkar ürəklər pakdı, ürəyim. Geri qayıt |