Kəramət Kəramət. Sadəcə, göy üzünə bax, gülümsə... - ŞEİRLƏR
Tarix: 21-02-2026, 15:28
Şair Kəramət Kəramət (Kəramət Rza oğlu Şükürov) 1 dekabr 1957-ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub. Əmək fəaliyyətinə Göyçöl kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb. 1987-ci ildən "Yazıçı" və "Elm" nəşriyyatlarında çalışıb, Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub. Bir müddət "Novruz", "Oğuz eli" qəzetləri ilə əməkdaşlıq edib. "Nəfəs", "Yeni quruluş" qəzetlərinin Baş redaktoru, "Məqam" qəzetinin şöbə müdiri olub. Tələbəlik illərindən hekayə və şeirləri dövri mətbuatda, "Ulduz" jurnalında və "Yaşıl budaqlar" almanaxında dərc olunub. O, 13 avqust 2025-ci il tarixdə Bakı şəhərində vəfat edib.
Civilazerbaijan.com Kəramət Kəramətin "Sadəcə, göy üzünə bax, gülümsə..." şerilər silsiləsini təqdim edir:
Kəramət Kəramət
SADƏCƏ, GÖY ÜZÜNƏ BAX, GÜLÜMSƏ...
şeirlər
QATARLAR ŞÜTÜYƏR GECƏLƏRİMDƏ
Minərəm upuzun polad maşına,
Səyyar mənzilimdi dar kupeləri.
Gecəni şal kimi örtüb başına,
Arxamca boylanar kənd təpələri.
Gözləmə zalıdı yaşadığım gün,
Qatarlar şütüyər gecələrimdə.
Anam oyanar ki, üstümü örtsün,
Görər ki, yoxluğum yatıb yerimdə.
Şübhələr səpilər sözün düzünə,
Qatarın səsini layla bilərəm.
Baxmağa üzüm yox kəndin üzünə,
Gecəni üzümə tutub gələrəm.
1976
GÖY ÜZÜNƏ YAZACAĞAM ŞEİRLƏRİMİ
Onsuz da bu basabasda məni görməzsən, bu tünlükdə
uçacam və durnalarla birgə.
Göy üzünə yazacam şeirlərimi.
yerdən bezəndə,
ömründə bir dəfə
başını qaldırıb göyə baxanda
görərsən məni.
Göy üzündə olan birini -
yağışmı, buludmu, günəşmi
adını sən qoyarsan,
amma ad gününə çağıranda
unutma,
ya da unut
sadəcə, göy üzünə bax, gülümsə.
AYRILIQLARIN ŞAHI HƏYATA - ƏLVİDA
Dayanmışdı qapıda
neçə pud daş asılan ayaqları
hər addımı yapışırdı yerə
sürünə-sürünə deyirdi:
- Getmə, yavaşı,
hamı atıb gedib, sən məni atma.
Tərk edilən, unudulan
yalan dəyirmanıdı Yer kürəsi
noolur... sənsə unutma.
Osa... zalımcasına qovurdu
baltasından qan daman zaman
çathaçatdaydı.
Qüruba boyanan ömür günəşi
Bathabatdaydı.
ADAMI OLMAYAN ADAM
Əgər vaxtım olsa.., səhərə çıxsam,
evimdən qurtulub şəhərə çıxsam,
Mən səni arasam, görsəm ki, yoxsan
Sonranın sonrası sonra da olmur.
Olmur, canım-gözüm, olmur ki olmur,
əriyir bu ömür sabaha qalmır,
günahda yuyulur, savaba qalmır,
ithürən tərəfə yüyürür axşam.
Zormu istəyirsən... zor mənlik deyil,
Beşik mənlik deyil, gor mənlik deyil,
kimdən istəyirsən, sor, mənlik deyil,
Adam, adam deyil, adam... bu adam.
***
Namaz qılanda belə
diz çökməyi bacarmıram.
Amma sənə yalvarıram, getmə,
məni tərk etmə.
Onsuz da sonuncu sərnişinsən
alıb aparacaq, bahar, payız küləkləri
zibilqabına belə atmayacaqlar
zibilləri də tanıyıram, zibilqabı mənim, ərazi də.
Gülə-gülə yola salaram
sərxoşca, axmaqca qarşılayaram
telefonuma çıxmasan belə,
tellefonundakı şərqiyə
qulaq asıram hələ... hələ.
"Sevgi" deyilən nə? Bilirsənmi,
Aldanan adamları sevir hamı.
heç kəsə, heç nə demə
onda seviləcəksən.
Sevgi böyüklərin oyuncağıdı, -
o gecə sənə demədimmi.
O GECƏ
O gecədən don biçmişəm,
Əyninə gey, anam-bacım.
O gecəni tikə-tikə doğradım.
Qara-qara bayraqları
Yelləndirin yurd boyu.
Siz, ey sağ qalanlar!
Üzümə-gözümə geydim gecəni.
Qara bayraqlar yeridi
Şəhidlərim dalınca, çatmadı.
Çatmaq olmur şəhidlərin dalınca,
Bir gün şəhid olmadan.
Qəbir-qəbir dikəlir,
Qalxır vətən torpağı.
Endirin asta-asta burda
- tabutlar enən yedə
Şəhid şəhidin üstə,
- Ağrıdırımı, şəhidim...
Endirin şəhidləri
Yurd bayrağı enəntək.
Yaralı evlər qaldı,
Yaralanan ağaclar,
Bir də ki, iniltilər:
- Of! Bizi də aparıb,
Aparıb basdırın, Allah xatirinə...
Şəhidim, şəhidim,
öndə qara bayraqlar gedər.
Qara-qara bayraqlardan doğular
Yurd bayrağı!
Sən ki, bunu bilirsən,
Şəhidim, hey... şəhidim!..
Qara bir külək əsdi,
Əsdi əsdiyi yerdən.
Gecə qara, külək qara...
Əsdi keçdi içimizdən,
Səsimizi, sözümüzü dənlədi,
Edib keçdi gücümüzdən.
Xoruzlar səsini kəsdi,
Qorxu-ürkü banladı.
Sığışmayan qara gözlər
Ulduz axışında itən göylərə
Vəsiyyətimi elədi.
O gözlər nə deyirdi?
Onu bir Allah bilir,
Bir də bu qara torpaq.
Anası qucağına
sığınan uşaq kimi,
Sığınmışdı şəhidlər bir-birinə.
Səs gəldi qara torpaqdan,
Bircə şəhidlər eşitdi:
- Neçənci kərədir ölürsən, bala,
Neçənci kərədir qurban gedirsən?
Ölməyə haqqın yoxdur!
Qalx, qalx, düzəl yola...
Ta... ta... ta... Ta-ta-taaa!
Qulağıma tuta-tuta
qaçıb girdim o gecənin içinə
Havada səsləri güllələdilər,
Səsin səsi çıxmasın deyə,
Səsləri yandırıb kül elədilər.
Səslə, harayla hörülüb
tikilibdi bu gecə.
Fit səsi.
- "Koroğlu uverturası",
- Ah!..
- Of!..
- Hardasan, Azərbaycan?
- Oyan, Bakı!
Havada səsləri güllələdilər.
Bakı əliyalın durub baxdı,
Azərbaycan əlacsız,
İçini yeyən qurdu Yüz ildi ki, gəzirdi.
Radionu, ekranı, Bakının işığını,
Qocasını, uşağını
Güllələdilər, güllələdilər...
Nəvəmin nəvəsi, bunu bil!
Bunu bil, bu yurdun daşı, ağacı!
Yağı olsan öz-özünə,
Yer üzü sənə düşmən!
Bil və heç vaxt unutma!
Yaralı gəlinlər,
qanı axan körpələrə yol olanda,
Yaralı balasına
Gəzər nəsə bükməyə,
Gəzər, heç nə tapammaz,
Uzadar əlini o gecədən bir parça,
Bükər ciyərparasına.
25 yanvar, 1990.
ÜMİD, MƏN VƏ SƏN
Çox “ümid” deyirdin,
Qırxıncı otaqda açılı qaldı.
Sabaha uzanan əllərinə də
Kilidsiz qapının açarı qaldı.
Hə boylan - tünlükdə görünməz boyun.
Göz dikmə Qəlbinə səpdiyin dənə.
Gəlib axırına çıxdım bu yolun,
Ümiddən o yana yol göstər Mənə.
Gözünə verirlər bu boyda Göyü,
Dilini lal eylə, qulağını kar.
Al apar, anana ümid örpəyi,
Bu ümid atana yarayırmı, gör?
Qınamaq olmur ki redaktoru da,
Sənə qucaq-qucaq ümid verəndə.
Ümid ekranından şeir oxudun,
Şeirin çap olundu ümidlərində.
Götür, lap çox götür - saxlancında var,
Nə alsan, ümid ver o satıcıya.
Novruz bayramında kəndə gedəndə
Yeddi ümid apar yeddi bacıya.
Kim idi şəhərdə qolundan tutub,
Külək oynayan evə apardı?
Dedi ki: “Tanış ol, Ümid bax budur”,
Adına “yalan” da demək olardı.
Daha qulağını dəng eləmirəm,
Gördüm sonrasının sonrasını da.
Haçandır ümidə zəng eləmirəm,
Unutdum telefon nömrəsini də.
Hər bir aldanışın sonunda bir Ah…
Bu Ümid küçəsi qutarır yenə.
Mən ümid oğluyam, yollarıma çıx,
Ümiddən o yana yol göstər mənə.
Ümiddən o yana yol göstər mənə...
YOLA QAPI QOYMAZLAR
Namazı gurultuyla qılmazlar
Duanı qışqırmazlar
Mahnını anqırmazlar
Sevgini car eləməzlər
Yola qapı qoymazlar
aldanmağa hazır kütləni dübarə aldatmazlar
Millətcə müğənni, şair olmazlar
Özünü yorma, qanmazlar onsuz da qanmazlar...
GÖZ YAŞININ RƏNGİ BİRDİR
Həm də acıların acısı
yandıra-yandıra axar.
Mən göz yaşı manyakıyam,
süz, badəyə süz,
öz göz yaşımı içim.
QAPAĞINA KİLİD VURULAN TABUT
Ya Rusiyadan gələr, ya Türkiyədən
İçində bir az sən var, bir az mən
Gedəndə kilid vurmuşdu evinin qapısına
Açarını əmanət etmişdi qonşusuna.
Camal Yusifzadənin ruhu sorar ki
-Ay qonşu,bu evin yiyəsi hanı?
Sonra Məmməd İsmayıl da hayqırar ordan
-Ağacdələn, döy qapımı, döy görüm
Dirimizi qovan...
Ölümüzü qucaqlayan torpağım,
NECƏSƏN?.
***
Duel Kişi işidir,
Bu vuruş namərd oyunu,
tülkü tülküylə boğuşsun
xas igid tapsın tayını.
Həmin rejissordur, köhnə dramdı,
Bir 'namərd' rolu da öhdəmə düşüb.
Yerini dəyişib iştirakçılar,
Ancaq rejissorun, tamaşaçının
acığına mən.
O sırtıq üzünə
Bu yağlı şilləmi qıymayacağam.
Sən də utanırsan öz "qələbəndən",
Başını aşağı salıb keçirsən.
Haçansa yazdığım beytimi
mən də öz-özümə pıçıldayıram:
- Ağaclar yıxıldı ucalığından
Kişilər yıxıldı kişiliyindən.
BAX, GÜNÜN BİR GÜNÜ BELƏ OLACAQ
...məni qovacaqlar bir qəbilədən
və sairədən,
məndən qidalanıb
məni iştahla yeyəcəklər
ha..ha..
Qədim dünyada deyil, indi
sonra ardımca düşüb
izlərimi yığacaqlar
və mən şeir yazacam.
"Əlində torbasını
Bəxtitək sıxa-sıxa
Kimsə gəzir dalımca
İzimi yığa-yığa".
Sonra görəcəyəm ki,
həmişə belə olub
əgər kişiliyiniz çatırsa,
kitabları yox
ADAMLARI YANDIRIN!
***
Əziz dostlar,
Biləsiz ki
Mən sizinlə güldüm, getdim
Elə sanmayın getmişəm,
Mən sizinlə qaldım, getdim.
Rejissor da, rol ayrıdı
Mənə ayrı rol ayrıldı
İmtina etdim, ayrıldım
Gülənlərə gülüb getdim.
Həyat özü zarafatdı,
Kim Nədisə, ona Satdı
Hamının başını qatdı
Gedib-gəldim, gəlib-getdim...
29/12/2018
***
Hadinin qəbrisən, yerin bilinməz,
Qeybə çəkilərsən, sirri-xudasan.
Yollar silinibdi, sənə gəlinməz,
Daha kimsə bilməz harda, hardasan.
Uçar, göy qübbəsi, uçar başına,
Günahkar yaddaşın daşqalaq eylər.
Bəlkə də, dönmüsən Simurq quşuna,
Qaranquş yuvalı yiyəsiz evlər...
Soyuyan əlinə təsbeh yaraşar,
Qalarsan beləcə girinc-giriftar.
Quruyan dodağa "ah", "eh" yaraşar,
Sənə sarı gələn bir qaraltı var...
***
Çıxsa bataqlıqdan-adamxanadan,
O, dahi olardı... sən mənə inan.
Fəxri vətəndaş tək dönərdi yurda,
Bu gün aramızdan qovulan insan.
Xəcil də olmazdı uşaq yanında,
Ucuz kafelərdə baxmazdı kefə.
Donmazdı baxışı buz dolabında,
Dönməzdi siçan da küsdüyü evə.
Küçə itlərinə qoşulub iti,
Məstan qonşu evə pənah aparmış.
Nəyi xatırlasın? Yaddaşı itib,
O boş çərçivədən şəkli baxarmış.
Buynuzu olmur ki, Böyük Adamın
Hamıdan fərqliydi, bizlərdən biri.
Filankəs deyilsən?
Adını danır.
Vallahi, hər yerdə görünür yeri.
Onda səslənirdi vaxt küləkləri,
Bir qəzet küncündə nekroloqu var.
Vüqarlı üzündə qar dənələri
Bir gözü limandı, bir gözü vağzal.
2006
XOR
...səsim kobud
pozur xor kopellasını və dışlanıram
konüllü mühacirəm məmnun-məmnun gedirəm fid çala-çala.
hamı bilir gedənlər...həm də özündən çıxıb gedər, geri dönməz
daha cənazələri də...
xorla ağlar
gülər xorla
arxada qalanlardı cənazə namazları,
kilsədəki xor..
bircə libaslar fərqli-
sexdən-sabahın ağzından-fabrikdən
çıxıb səpilir adamlar küçələrə
hamı bilir ki
kimsə dönməz XORA
***
Ürəyim yerindən çıxar bu gecə
düşər ayağın altına,
tapdalayıb gedərsən.
Yoluna tökülən xəzəl bilərsən
arxanca yüyürər ürəyim onda
qəfil külək qopdu
belə bilərsən.
Yenidən ürəyim düşər qarşına,
sənin tapdağına öyrəncəliyəm,
- tapdala, tapdala...
Ruhum iqlimi dəyişirsə
Yerini dəyişdinmi
yatağını dəyişən çaylar kimi olarsan
qovrula-qovrula.
Qıvrıla-qıvrıla çeynəyərsən gecəni
üstündən götürüb atmağın gələr qara yorğanı
belədi, adamı dəyişmək də belə.
Yurdunu, dinini dəyişmək kimi bir şey
öyrəşərsən çirkli havalara
ən murdar adama
- qızılgül kimi qoxlarsan
taparsan gözüyumulu
adamın xəritəsində
Şimal Buzlu okeanı.
Bağdadı belə
titrək barmaqların gəzər O-nun bədənində
Məkkə divarında gəzir kimi.
Amma... məni necə tanırsan
necə öyrəşərsən mənə
ömrün labirint küçələrinin
harasında taparsan məni -
özü-özünü itirən adamı.
***
Mən səni sənə sevdim
Mənə sevmədim ki...
bir ömür yox
min sənə sevdim.
Ayrılıqlar acığına
dönə-dönə sevdim.
Gülsən, bağçaya
çiçəksən, çölə sevdim.
Heç nə ummadım
elə-belə sevdim.
Bax, səni əla sevdim.
KÖLGƏNİN KÖLGƏSİ
Mənə başqa rol ver, əziz rejissor,
çox korluq çəkirəm sevgi sarıdan.
Nə məni usandır, nə özünü yor
dəyiş Kəraməti, suflyoru da.
Yaramaz artisti qov bu səhnədən,
bax, mənə yaraşan bir faciə var.
Kölgənin kölgəsi yalan adamam
Mənə başqa rol ver, əziz rejissor.
***
Adamın min danəsi olmur ki, bir danəm,
unudulmazım mənim.
Hind filminə baxanda
başını çiynimə qoyub ağlayanım,
dəli hallarıma gülənim.
Məndən ötrü ölənim,
ikimizə bir qəbir qazılsın deyənim -
Adamın min danəsi olmur ki, bir danəm.
***
Bilirsənmi, Sevgili
qara qapı açmadın,
güləndə ağlamadın
ağlayanda gülmədin.
Üzü üzlər görən sürtük, sevgili
bakirə yeri yox ki, sürtük fələyin
ona görə qorxarsan tənhalıqdan, ölümdən
qorxmagil.
Təklənib döyülən mən bilir bunu
həmişə aldanan
atılan, unudulan, satılan
və bütün bunlara
ssenarist kimi gülən mən bilir.
Xoşum gəlir uşaqların
həyatın qızılgülünün üstünə çiş eləməyindən
mənim hayıfımı alırlar, sanıram.
ÜRƏYİM
"Quran"dan öncə çörək
çörəkdən öncə ürək gəlib, ürəyim.
Bax, bu günahkar əllərimi
ürəyinin üstünə qoyub
and işirəm ki, ürəyim,
dünya günahkar deyil.
Günahkar deyil dünya
belə naqis doğulmasına
əllər günahkardı, dillər günahkar
ürəklər pakdı, ürəyim.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













