Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Sənət / Üst manşet > Bədənin və ruhun həkimi - Tofiq Nurəli

Bədənin və ruhun həkimi - Tofiq Nurəli


Dünən, 16:44.
title}


Tofiq Nurəli – bu ad təkcə bir insanın taleyini deyil, həm də iki müqəddəs missiyanın – sözün və şəfanın vəhdətini ifadə edir. 1953-cü ildə Quba rayonunun Qonaqkənd bölgəsinin Yerfi kəndində dünyaya göz açan bu insan, elə ilk addımlarını atdığı torpağın saf ruhunu ömrü boyu həm qəlbində, həm də qələmində yaşatdı.

Yerfi kənd məktəbindən başlanan yol onu N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna apardı. 1972–1978-ci illərdə bu ali ocaqda fərqlənmə diplomu ilə təhsil alması onun zəhmətə və məsuliyyətə necə sədaqətlə yanaşdığının ilk ciddi sübutu idi. Sonralar müxtəlif səhiyyə müəssisələrində rəhbər vəzifələrdə çalışarkən Tofiq Nurəli yalnız həkim kimi deyil, həm də insan talelərinə sözü ilə işıq salan bir şəfaçı kimi tanındı. Onun üçün həkimlik sadəcə peşə deyildi – bu, insan ağrısına toxunmağın, ümidə çevrilməyin mənəvi borcu idi.



Lakin onun ruhunda başqa bir sehr vardı – sözün sehri. Səksəninci illərdə ədəbiyyata gələn Tofiq Nurəli qısa zamanda özünəməxsus qələmilə seçildi. Onun şeirləri o dövrün gənclərinin qəlbində özünə yer tapdı, çünki o, yazmırdı – yaşayırdı və yaşatdırırdı. 1983-cü ildə nəşr olunan “Şehli kəpənəklər” kitabı poeziya aləmində onun adını sevgi ilə dillərə gətirdi. Ardınca gələn “Yağışdan sonra”, “Tənha bir qüssə”, “Tənha payız yarpağı”, “Yarpaqlarım ağrıyır” kitabları isə onun poetik dünyasının necə dərin və həssas olduğunu bir daha təsdiqlədi.

Onun qələmində sevic də var, kədər də, hicran da, vüsal da.

Tofiq Nurəli poeziyasında insanın daxili dünyasını sanki incə bir həkim dəqiqliyi ilə “müayinə” edir. Elə buna görə də o, nadir simalardandır – həm bədənlərin, həm də ruhların həkimi.

O, həm də sədaqətli dostdur. Dostluğa münasibəti onun şeirlərindəki səmimiyyət qədər təmiz və dəyişməzdir. Onun üçün dostluq söz deyil, ömürlük bir bağ, səssiz bir anddır. Bu sədaqət onun həyatında da, yaradıcılığında da əsas xətt kimi keçir.



1991–1995-ci illərdə yaratdığı “Şəfqət” – indiki “Tibb qəzeti” ilə o, təkcə səhiyyə sahəsində deyil, ictimai düşüncədə də bir məktəb formalaşdırdı. Bu qəzet onun həm təşkilatçı, həm də maarifçi ruhunun bariz nümunəsi oldu.

Tofiq Nurəli – şair kimi duyğuların memarı, həkim kimi ümidin qoruyucusu, dost kimi isə sədaqətin canlı timsalıdır. Onun ömür yolu sübut edir ki, insan yalnız yaşadığı illərlə deyil, toxunduğu qəlblərlə ölçülür.

Hörmətli Tofiq müəllim, sizə möhkəm can sağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları və sevdiklərinizlə birgə xoş günlər arzulayıram. Qələminiz daim var, ürəyiniz ilhamla döyünsün!

Ceyhun Şüküroğlu


Geri qayıt