Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > İnsan hüquqları Azərbaycanla əməkdaşlığımızın ayrılmaz hissəsi olaraq qalır - KAYA KALLAS
İnsan hüquqları Azərbaycanla əməkdaşlığımızın ayrılmaz hissəsi olaraq qalır - KAYA KALLASDünən, 17:22. |
|
Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas mayın 5-də Azərbaycana səfər edib. Civilazerbaijan.com bildirir ki, Aİ-nin Bakıdakı nümayəndəliyinin yaydığı məlumata görə, Kallas Azərbaycanın qurum üçün “dəyərli və etibarlı enerji tərəfdaşı” olduğunu vurğulayıb və Bakıda olmaqdan məmnunluğunu ifadə edib. “Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır, buna görə də bu gün Bakıda olmaq yaxşıdır. Əməkdaşlığımızı dərinləşdirmək üçün aydın imkanlar var, xüsusilə ticarət, nəqliyyat və rəqəmsal sahələrdə. Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi ortaq strateji maraqlarımıza uyğundur və biz Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə açığıq. Əlbəttə, insan hüquqları ilə bağlı açıq və səmimi dialoq əməkdaşlığımızın ayrılmaz hissəsi olaraq qalır. Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə irəliləyiş tarixi bir fürsət yaradır və bu dinamikanın qorunması vacibdir. Aİ bu prosesi dəstəkləmək üçün etimad quruculuğu tədbirlərindən tutmuş, artıq ən böyük donor olduğumuz mina təmizləmə fəaliyyətlərinə qədər müxtəlif alətlərə malikdir” – Kallas bildirib. Səfər çərçivəsində Kaya Kallas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə əvvəlcə təkbətək, daha sonra isə geniş tərkibdə görüş keçirib. Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqlarda iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və logistika, yaşıl enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Kaya Kallasın prezident İlham Əliyevlə də görüşü planlaşdırılır. Kallasın Bakıda verdiyi mesajlar Azərbaycanda son illər siyasi məhbusların sayının artması, media azadlığının məhdudlaşdırılması və vətəndaş cəmiyyətinə təzyiqlərlə bağlı beynəlxalq narahatlıqlar fonunda səslənib. Bununla yanaşı, bəzi siyasi şərhçilər Avropa İttifaqını Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirdiyinə görə tənqid edirlər. Onların sözlərinə görə, Aİ enerji maraqları naminə ölkədəki siyasi vəziyyətə göz yumur. Beynəlxalq təşkilatlar hazırda Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti narahatlıq doğuran kimi qiymətləndirir. Yerli hüquq müdafiəçilərinin məlumatına görə, ölkədə 300-dən çox siyasi məhbus olduğu bildirilir. Hakimiyyət isə bu iddiaları qəbul etmir və həmin şəxslərin konkret cinayətlərə görə məsuliyyətə cəlb olunduğunu bəyan edir. Geri qayıt |