Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Əfqan Sadıqov həbs olunub
Əfqan Sadıqov həbs olunubBu gün, 16:57. |
|
Binəqədi rayon Məhkəməsinin qərarı ilə "Azel.TV" internet kanalının rəhbəri Əfqan Sadıqov barəsində iyulun 30-dək həbs-qətimkan tədbiri seçilib. Civilazerbaijan.com bildirir ki, Əfqan Sadıqovun vəkili Nemət Kərimli məlumat verib ki, 2024-cü ildə Baş Prokurorluqda başlanılmış və sonradan xitam verilmiş cinayət işi yenidən icraata qaytarılıb. Vəkilin sözlərinə görə, cinayət işi üzrə zərərçəkən qismində tanınan şəxslər Baş Prokurorluğun xitam qərarından Binəqədi Rayon Məhkəməsinə şikayət veriblər. Məhkəmə iyunun 8-də keçirilən iclasda şikayətə baxaraq onu təmin edib və xitam qərarını ləğv edib. Bununla da Əfqan Sadıqov barəsində başlanmış cinayət işi yenidən istintaqa qaytarılıb. Nemət Kərimli qeyd edib ki, həmin gün keçirilən digər məhkəmə iclasında Əfqan Sadıqov barəsində iyulun 30-dək həbs qətimkan tədbiri seçilib. “Azel TV” internet kanalının yaradıcısı Əfqan Sadıqov barəsində 2024-cü ilin mayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanmışdı. İstintaq materiallarına əsasən, Əfqan Sadıqovun Neftçala rayonunun Kürkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Səttar Əliyevdən və Xəzərkənd bələdiyyəsinin sədri Fətulla Muradovdan hədə-qorxu yolu ilə pul tələb etdiyi iddia olunub. Sonradan iş üzrə zərərçəkən qismində hazırda Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsində çalışan Elnur Azadxanov da tanınıb. Əfqan Sadıqov 2024-cü il avqustun 4-də Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Gürcüstanda saxlanılıb. Tbilisi Şəhər Məhkəməsi onun barəsində həbs və Azərbaycana ekstradisiya qərarı çıxarsa da, sonradan Avropa İnsan Hüquqları Məhkəməsi ekstradisiyanın həyata keçirilməsini dayandırıb. Jurnalist 2025-ci ilin aprelində azadlığa buraxılıb. Azərbaycan Baş Prokurorluğu 2026-cı il aprelin 1-də onun barəsində aparılan cinayət işinə xitam verib. Aprelin 3-də isə Tbilisi Şəhər Məhkəməsi həmin qərarı əsas götürərək Əfqan Sadıqovun Gürcüstanı tərk etməsinə tətbiq edilmiş məhdudiyyəti aradan qaldırıb. Bununla belə, 2026-cı il aprelin 4-də Əfqan Sadıqov Tbilisidə yaşadığı ünvandan götürülərək Azərbaycana gətirilib. Bu hadisə ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstan tərəfinin hərəkətlərinə dair narahatlığını ifadə edən açıqlama yayıb. Əfqan Sadıqov ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini, təqibin jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu bildirib. Geri qayıt |