Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Məhəmməd Mirzəliyə sui-qəsddə ittiham olunanlar 5 ildən 30 ilədək azadlıqdan məhrum edilib
Məhəmməd Mirzəliyə sui-qəsddə ittiham olunanlar 5 ildən 30 ilədək azadlıqdan məhrum edilibBu gün, 14:32. |
|
İyunun 10-da Fransanın Renn Xüsusi Andlılar Məhkəməsi bu ölkədə yaşayan azərbaycanlı bloger Məhəmməd Mirzəliyə qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi üzrə hökm çıxarıb. İş üzrə mütəşəkkil cinayətkar dəstənin tərkibində qətl cəhdində ittiham olunan 9 nəfər mühakimə edilib. Civilazerbaijan.com bildirir ki, M.Mirzəlinin dediyinə görə, məhkəmə hücumun təşkilatçısı hesab edilən və ona bıçaqla xəsarət yetirən Emin Qasımovu 30 il müddətinə azadlıqdan məhrum edib. Hadisədə iştirak edən digər təqsirləndirilən şəxslərdən Rövşən Qocayev 25 il, Mehrac Zərbəliyev 18 il, Emin Zamanzadə 15 il, Rza Məlikov isə 13 il müddətinə azadlıqdan məhrum olunub. İş üzrə mühakimə olunan Xəzər Xankişiyev, Ramil Sultanov və Çingiz İbrahimovun hər biri 5 il həbs cəzası alıb. Məhkəmə Faiq Paşazadə barəsində isə bəraət hökmü çıxarıb. İstintaq materiallarına əsasən, onun hücumda iştirak edən şəxsləri evində saxladığı iddia olunsa da, saxta sənəd hazırlanmasına köməklik göstərməsi ilə bağlı ittihamlar məhkəmədə təsdiqini tapmayıb. Hökm çıxarılan şəxslərin Fransaya girişinə ömürlük qadağa qoyulub. Qiyabi olaraq 25 il həbs cəzası verilən Rövşən Qocayev isə beynəlxalq axtarışa verilib. Fransada siyasi sığınacaq alan Məhəmməd Mirzəli Azərbaycan hakimiyyətinin tənqidçisi kimi tanınır. Mirzəli 2021-ci il martın 14-də yaşadığı Nant şəhərində naməlum şəxslərin hücumuna məruz qalmışdı. Bloger bildirirdi ki, bundan əvvəl də ona qarşı odlu silahla hücum cəhdi olub. O, hər iki hadisənin arxasında Azərbaycan hakimiyyətinin dayandığını iddia edir. Azərbaycan rəsmiləri isə bu iddialarla bağlı ictimai açıqlama verməyiblər. Məhəmməd Mirzəli Azərbaycanda qiyabi olaraq 6 il 6 ay həbs cəzasına məhkum edilib.Ona qarşı kütləvi iğtişaşlarda iştirak və hakimiyyətin zorla ələ keçirilməsinə çağırış ittihamları irəli sürülüb. Geri qayıt |