Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Azərbaycanda parlament seçkilərinin vaxtı önə çəkilə bilər - MƏZAHİR PƏNAHOV
Azərbaycanda parlament seçkilərinin vaxtı önə çəkilə bilər - MƏZAHİR PƏNAHOV2-05-2024, 18:11. |
Azərbaycanda parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər. Civilazaerbaijan.com bildirir ki, bu barədə mayın 2-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun iclasında danışıb. M.Pənahov deyib ki, 2024-cü ilin noyabrında parlament seçkiləri olmalıdır: “Azərbaycanda keçiriləcək mötəbər tədbir olan COP29-la parlament seçkilərinin vaxtı eyni zaman kəsiyinə təsadüf etdiyi üçün seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər”. O əlavə edib ki, parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır. Azərbaycanda 2020-ci ilin fevralında VI çağırış parlament seçkiləri keçirilib. Bu, müstəqillik tarixindəki ilk növbədənkənar parlament seçkiləri idi. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası 2024-cü il noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək. COP “Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir. COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir. COP tədbirlərində adətən gündəlik müəyyən edilir və tədbir zamanı müzakirələrdən sonra yekun sənəd qəbul edilir. Azərbaycanda keçiriləcək COP29-un gündəliyi hələ məlum deyil. Geri qayıt |