Azərbaycanda parlament seçkilərinin vaxtı önə çəkilə bilər - MƏZAHİR PƏNAHOV

Xəbərin çap versiyası
Tarix: 2-05-2024, 18:11


Azərbaycanda parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər.

Civilazaerbaijan.com
bildirir ki, bu barədə mayın 2-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun iclasında danışıb.

M.Pənahov deyib ki, 2024-cü ilin noyabrında parlament seçkiləri olmalıdır:

“Azərbaycanda keçiriləcək mötəbər tədbir olan COP29-la parlament seçkilərinin vaxtı eyni zaman kəsiyinə təsadüf etdiyi üçün seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər”.

O əlavə edib ki, parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır.

Azərbaycanda 2020-ci ilin fevralında VI çağırış parlament seçkiləri keçirilib. Bu, müstəqillik tarixindəki ilk növbədənkənar parlament seçkiləri idi.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası 2024-cü il noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək.

COP “Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir.

COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir.

COP tədbirlərində adətən gündəlik müəyyən edilir və tədbir zamanı müzakirələrdən sonra yekun sənəd qəbul edilir.

Azərbaycanda keçiriləcək COP29-un gündəliyi hələ məlum deyil.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz