Avropa İttifaqı və Freedom House Bəhruz Səmədovun həbsini pisləyib
Tarix: 24-08-2024, 14:44
Avropa İttifaqı (Aİ) Azərbaycan hökumətini tənqidi çıxışlarına görə həbs edilən Kral Universitetinin doktorantı, ictimai fəal Bəhruz Səmədovun hüquqlarına hörmət etməyə çağırıb.
Civilazerbaijan.com bildirir ki, “Politico”ya danışan Aİ-nin xarici əlaqələr üzrə sözçüsü Peter Stano deyib ki, Brüssel “Cənubi Qafqazda sülhü müdafiə edən gənc alim” və Praqadakı Karl Universitetinin doktorantı Bəhruz Səmədovun işini narahatlıqla izləyir.
“Bəhruz Səmədovun işi keçən ilin sonundan müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin həbsinin davamı kimi narahatedicidir”, – Stano qeyd edib.
“Biz Azərbaycanı öz fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs edilənlərin hamısını azad etməyə, həmçinin şəffaflığı və lazımi prosesi, eləcə də bütün saxlanılan şəxslər üçün ləyaqətli və təhlükəsiz şəraiti, o cümlədən onların sağlamlıq və müstəqillikdən tam istifadə imkanlarını təmin etməyə çağırırıq”, – Aİ-nin xarici əlaqələr üzrə sözçüsü deyib.
“Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı da Bəhruz Səmədovun həbsindən narahatdır:
“Azərbaycanda müstəqil məhkəmə sistemi yoxdur, bu, müxalifətçilər, fəallar və tənqidçi jurnalistlərə qarşı qaldırılan bir çox qondarma və ya başqa cür qüsurlu işlərdə özünü büruzə verir. Son aylarda onlarla vətəndaş cəmiyyəti üzvləri mübahisəli ittihamlarla üzləşiblər”.
Xarici mediada Azərbaycan hakimiyyəti və idarəçiliklə bağlı tənqidi məqalələrlə çıxış edən Bəhruz Səmədov avqustun 22-də saxlanılıb.
Avqustun 23-də Səbail Rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bəhruz Səmədova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir. İttihamı sübuta yetirilərsə, o, ömürlük həbs cəzası ilə üzləşə bilər.
Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, həbs qərarı verilən məhkəmədə çıxış edərək bildirib ki, sülhpərvərdir, müharibənin əleyhinədir, çıxışları, məqalələri də bu barədədir. Buna görə də Azərbaycan hakimiyyəti onu susdurmaq üçün saxta ittihamla cəzalandırır, Meydan Tv-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər