Azərbaycan hakimiyyəti səhhəti pisləşən Aynur Elgünəşi azad etməlidir - HELSİNKİ KOMİTƏSİ
Tarix: Bu gün, 16:15
Norveç Helsinki Komitəsi (NHC) “Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin səhhətinin ağırlaşdığını bildirərək onun dərhal azadlığa buraxılmasına çağırıb.
Civilazerbaijan.com bildirir ki, qurumun oktyabrın 28-də yaydığı açıqlamada deyilir ki, jurnalistin fiziki məhdudiyyəti var, o, indiyədək 12-dən çox əməliyyat keçirib, mütəmadi müalicəyə, ixtisaslaşmış tibbi yardıma ehtiyac duyur.
NHC Aynur Elgünəşin səhhətinin son həftələr daha da pisləşdiyini bildirib.
“Vəkillərinin və ailəsinin sözlərinə görə, onun səhhəti son həftələrdə daha da ağırlaşıb və böyrəyindəki ciddi problemə görə təcili əməliyyata ehtiyacı var”, - açıqlamada deyilir.
Komitə jurnalistin siyasi motivli sayılan ittihamlarla üzləşdiyini və bu ittihamları qəbul etmədiyini qeyd edib. Açıqlamada vurğulanıb ki, Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin vəkillərinin bu həftə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib.
“Onun həbsdə saxlanılması səhhəti və həyatı üçün ciddi təhlükə yaradır. Azərbaycan hakimiyyətinin onun həyatını qorumaq və ehtiyac duyduğu tibbi yardımı almasını təmin etmək məsuliyyəti var”, - komitə bildirib.
NHC Azərbaycan hakimiyyətini Aynur Elgünəşi vaxt itirmədən azad etməyə çağırıb: “Gecikmə onun səhhəti üçün geri ağır nəticələrə səbəb ola bilər. Çox gec olmadan Aynur Elgünəşi azad edin.”
Aynur Elgünəş 2024-cü il dekabrın 6-da “Meydan TV işi” çərçivəsində saxlanılıb. Ona qarşı qaçaqmalçılıq və digər maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb. Jurnalist ittihamları qəbul etmir və həbsinin peşə fəaliyyəti ilə əlaqəli olduğunu bildirir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













