AXCP üzvünün 10 sutka həbs edildiyi bildirilir

Xəbərin çap versiyası
Tarix: Bu gün, 16:00


Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon şöbəsinin üzvü Layiq Rəşidovun 10 sutka inzibati həbs cəzası aldığı deyilir. AXCP onun əsassız yerə həbs olunduğunu hesab edir.

Civilazerbaijan.com
bildirir ki, partiyadan verilən məlumata görə, O, Xətai Rayonunun 35-ci Polis Bölməsinə aparılıb və sosial şəbəkələrdəki paylaşımlarına görə, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə günahlandırılıb.

Həmin maddə internetdə və ya informasiya-telekommunikasiya şəbəkəsində qanunla yayılması qadağan edilən məlumatların yerləşdirilməsi ilə bağlıdır. Maddəyə əsasən, fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimə edilə bilər. Qanunvericilikdə nəzərdə tutulan hallarda bir ayadək inzibati həbs də tətbiq oluna bilər.

Lakin, partiyadan başqa detallar açıqlanmayıb.AXCP-nin vurğulamasına görə, bu, 2026-cı ildə partiya üzvlərinin üzləşdiyi 10-cu inzibati həbsdir. Hələlik partiyanın bu açıqlamasını rəsmi qurumlardan dəqiqləşdirmək və onlardan münasibət almaq mümkün olmayıb.

L.Rəşidov iki gün əvvəl "Facebook" səhifəsində partiyanın həbsdə olan rəhbər şəxslərin müdafiəsi ilə bağlı paylaşım etmişdi.

Son illər AXCP-nin bir çox üzvü vaxtaşırı inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20 civarında üzvü isə uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.

Hüquq müdafiəçilərinin hazırladığı son siyahıya əsasən, hazırda Azərbaycan həbsxanalarında ümumilikdə 322 siyasi məhbus var. Lakin rəsmi qurumlar, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətinə görə həbslərin olması ilə bağlı iddiaları əsassız sayırlar. Onlar mühakimə olunan şəxslərin sırf törətdikləri konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edildiyini vurğulayırlar, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz