Beynəlxalq Cinayət Məhkəməsi Avropa Parlamentinin Saxarov Mükafatına layiq görülüb
Tarix: Bu gün, 12:21
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) və onun rəsmiləri Avropa Parlamentinin 2026-cı il üzrə Saxarov Fikir Azadlığı Mükafatına layiq görülüb.
Civilazerbaijan.com bildirir ki, Avropa Parlamentinin prezidenti Roberta Metsola qərarı oktyabrın 22-də Strasburqda keçirilən plenar iclasda açıqlayıb.
“Avropa İttifaqı çoxtərəfliliyə və beynəlxalq institutlara hörmət üzərində qurulub. Bu mükafat məhkəmənin beynəlxalq hüququn və ədalətin qorunmasında gördüyü mühüm işi tanıyır”, - Metsola deyib.
Haaqada yerləşən BCM soyqırım, hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və təcavüz cinayətləri ilə ittiham olunan şəxslər barədə araşdırma aparır, zərurət olduqda onları mühakimə edir.
Avropa Parlamenti mükafatın Məhkəmənin araşdırmalar, ittihamlar, məhkəmə prosesləri, eləcə də həbs orderlərinin verilməsi və ya təsdiqlənməsi daxil olmaqla fəaliyyətinə diqqət çəkdiyini bildirib.
BCM uzun müddətdir ABŞ prezidenti Donald Trampın hədəfindədir. Məhkəmə 2024-cü ildə İsrailin baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qallant barəsində həbs orderi çıxardıqdan sonra ABŞ-nin Məhkəməyə təzyiqi daha da artıb.
Avropa Parlamenti ABŞ-nin 2025-ci ildən BCM-yə, onun prokurorlarına, hakimlərinə, əməkdaşlarına və tərəfdaşlarına tətbiq etdiyi sanksiyaları beynəlxalq ədalət sisteminə ciddi hücum kimi qiymətləndirib. BCM prezidenti Tomoko Akane Məhkəmənin üzləşdiyi “misli görünməmiş çətinliklər” fonunda mükafatın xüsusi əhəmiyyət daşıdığını bildirib.
“Bu, məhkəmənin mandatını müstəqil və qərəzsiz şəkildə yerinə yetirməsi, ədalətə və ən ağır cinayətlərin qurbanlarına xidmət etməsi üçün davamlı beynəlxalq əməkdaşlıq və dəstəyin vacibliyini göstərir. Ədalət olmadan sülh, hüquq olmadan təhlükəsizlik yoxdur”, - Akane deyib.
Sovet fiziki və siyasi dissident Andrey Saxarovun adını daşıyan mükafat 1988-ci ildə təsis olunub. Avropa Parlamenti bu mükafatı hər il insan və fundamental hüquqların, xüsusilə ifadə azadlığının müdafiəsi, azlıqların hüquqlarının qorunması, beynəlxalq hüquqa hörmət, demokratiyanın inkişafı və hüququn aliliyinin müdafiəsi sahəsində fəaliyyət göstərən şəxslərə və ya təşkilatlara verir.
Mükafatın təqdimetmə mərasimi dekabrda, Avropa Parlamentinin Strasburqdakı plenar sessiyası çərçivəsində keçiriləcək.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













