Əli Kərimli ilə münasibətim olmayıb, həmin məktub İlham Əliyevə ünvanlanıb - Ramiz Mehdiyev

Xəbərin çap versiyası
Tarix: Bu gün, 19:34


Noyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Civilazerbaijan.com
bildirir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və qızı Kamilə Əliyeva məhkəmədə şahid qismində ifadə veriblər. Bildirilir ki, Ramiz Mehdiyev iclasa onlayn qoşulub. O, Əli Kərimli ilə heç bir münasibətinin olmadığını, hər hansı dövlət çevrilişinə hazırlaşmadığını deyib.

“Mən hər hansı bir dövlət çevrilişinə hazırlaşmamışam. Həmin məktub prezident İlham Əliyevə ünvanlanıb və tövsiyələrimdən ibarət olub”, - Mehdiyev bildirib.

O, AXCP funksioneri Fuad Qəhrəmanlı ilə bağlı yayılan videogörüntülərə də münasibət bildirib:

“Mən Eldar Əmirov (Ramiz Mehdiyevin köməkçisi - red.) vasitəsilə heç kimə məktub yaxud pul göndərməmişəm. Fuad Qəhrəmanlı ilə heç bir tanışlığım, əlaqəm və münasibətim olmayıb”.

Müdafiə tərəfinin vəkillərinin evindən çıxan pullarla bağlı sualını cavablandıran Mehdiyev həmin vəsaitin özünə məxsus olduğunu bildirib.

“1957-ci ildən işləyirəm və pulu yığmışam. Mənə məxsus puldur”, - o vurğulayıb.

Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva isə ifadəsində Əli Kərimlini qiyabi tanıdığını, ailəsinin AXCP sədri ilə heç bir əlaqəsinin olmadığını deyib. O da ifadəsində sözügedən məktubun Ramiz Mehdiyev tərəfindən İlham Əliyevə ünvanlandığını deyib.

Ötən proseslərdə olduğu kimi, bu dəfə də polis məhkəmə binasına gedən yolları nəzarətə götürüb. AXCP fəalları məhkəmə binasının qarşısına buraxılmayıblar.

Əli Kərimli və Məmməd İbrahim 2025-ci ilin noyabrında həbs olunublar. Onların əvvəlcə Ramiz Mehdiyevlə bağlı açılmış cinayət işi çərçivəsində saxlanıldığı bildirilsə də, sonradan işlər ayrılıb.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1-ci - hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərə görə yekun ittiham verilib. Bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
AXCP ittihamları siyasi motivli və əsassız hesab edir.

Mehdiyev barəsində cinayət təqibinə 2025-ci ilin oktyabrında başlanılıb. Oktyabrın 14-də Səbail Rayon Məhkəməsi onun barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.

R. Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunub. Onun ev dustaqlığının müddəti sonradan bir neçə dəfə uzadılıb.

Ötən ay məhkəmə istintaqı yekunlaşıb və R. Mehdiyev 14 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz