46 təşkilat Azərbaycanın ATƏT sədrliyinə qarşı çıxır
Tarix: Bu gün, 15:12
Bir sıra ölkələrdən olan vətəndaş cəmiyyəti təşkilatları Azərbaycanın ATƏT-ə mümkün sədrliyinə qəti etirazını bildirib, iştirakçı dövlətləri bu təşəbbüsün qarşısını almağa çağırıb.
Civilazaerbaijan.com bildirir ki, İşgəncələrə Qarşı Dünya Təşkilatının (OMCT) saytında noyabrın 23-də yayımlanan müraciəti 46 təşkilat imzalayıb.
"Azərbaycan hökuməti təhlükəsizlik, ətraf mühit və insan hüquqları sahələrində etibarlı tərəfdaş deyil və təşkilata sədrliyə layiq görülməməlidir", – Belarus, Rusiya, Ukrayna, Fransa, Serbiya, ABŞ və digər ölkələrdən 46 qurumun imzaladığı müraciətdə deyilir.
Siyahıda İşgəncələrə Qarşı Dünya Təşkilatı (OMCT), ABŞ-dən "Freedom Now", Azərbaycandan İnsan Hüquqları Mərkəzi, Belarus Helsinki Komitəsi və "Vyasna" İnsan Haqları Mərkəzi də yer alıb.
Müraciətdə bildirilir ki, bu il noyabrın 19-da iştirakçı dövlətlər Azərbaycanın 2027-ci ildə ATƏT-ə sədrliyi ehtimalını müzakirə ediblər.
"Təşkilatın idarəçiliyinin avtoritar hökumətə həvalə olunması əsas sütunlarından biri insan haqları olan qurumun legitimliyini və etibarlılığını ciddi şübhə altına alardı", – bəyanatda deyilir.
Müraciətdə Azərbaycanda 2013-cü ildən bəri müstəqil vətəndaş cəmiyyətinə, jurnalistlərə və insan haqları müdafiəçilərinə qarşı kütləvi təzyiqlər göstərildiyi, bunun 2023-cü ildən etibarən daha da intensivləşdiyi vurğulanır. Həmçinin ölkə həbsxanalarında azı 300 siyasi məhbusun olduğu diqqətə çatdırılır.
Müraciəti imzalayanlar iştirakçı dövlətləri Azərbaycan hakimiyyətinin ATƏT sədrliyinə istənilən namizədliyini rədd etməyə çağırır.
Rəsmi Bakı bu müraciətə hələlik münasibət bildirməyib. Ancaq hakimiyyət indiyədək ölkədə bütün fundamental azadlıqların qorunduğunu vurğulayıb, "siyasi məhbus" terminini qəbul etməyərək fərdlərin konkret cinayətlərə görə cəza çəkdiyini bəyan edib, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












