Mirsaleh Seyidovun yerinə Sahib Rzayev təyin olunub
Tarix: Bu gün, 15:43
Mirsaleh Seyidov Azərbaycan ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi vəzifəsindən azad olunub.
Civilazerbaijan.com bildirir ki, Prezident İlham Əliyev oktyabrın 27-də bununla bağlı sərəncam imzalayıb. M.Seyidov 2023-cü ildən bu vəzifəni icra edirdi.
Onun fəaliyyəti ölkədə birmənalı qarşılanmayıb. Xüsusilə siyasi məhbus hesab olunan şəxslər cəzaçəkmə müəssisələrindəki işgəncə şikayətlərinin obyektiv araşdırılmaması, müayinə və müalicə imkanlarının məhdudluğu, eləcə də ümumi saxlanma şəraiti ilə bağlı tez-tez tənqidi fikirlər səsləndiriblər. Penitensiar Xidmət isə bu qəbildən olan tənqidləri əsassız sayıb.
Bəzi hüquq müdafiəçiləri isə hesab edirlər ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrində yaşanan bu çatışmazlıqlar sırf Penitensiar Xidmət rəhbərliyinin idarəçiliyindən qaynaqlanmır, bu daha çox sistemin problemidir.
Prezidentin digər bir sərəncamı ilə onun yerinə Sahib Rzayev təyin edilib.
S.Rzayev də sələfi ilə eyni yaşdadır, o, 1977-ci ildə doğulub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi alıb. O, 2006-cı ilə qədər daxili işlər orqanlarında müstəntiq, 2006–2023-cü illərdə isə Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb.
2025-ci ilin yanvarından Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini, daha sonra isə həmin idarənin rəisi vəzifəsində işləyib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













