Ramiz Mehdiyevə şərti cəza verilib

Xəbərin çap versiyası
Tarix: Bu gün, 13:49


Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev şərti olaraq 14 il müddətinə azadlıqdan məhrum edilib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə hökumətyönlü media oktyabrın 27-də xəbər verib.

Yerli media məhkəmə prosesinin oktyabrın 22-də baş tutduğunu yazıb. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə sabiq PA rəhbərinin yaşı və xəstəlikləri nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən onun barəsində çıxarılan cəzanın şərti tətbiqinə qərar verilib.

88 yaşlı R.Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274 (dövlətə xəyanət), 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) və 311.3.3-cü (vəzifəli şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib.

Hökmə əsasən, onun əmlaklarının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi, eləcə də dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.

Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ona qarşı cinayət işi açılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

R.Mehdiyev barəsindəki ittihamlar barədə heç vaxt ictimaiyyətə açıqlama verməyib. Onun məhkəmədə də özünü təqsirli bilib-bilmədiyi barədə məlumat yoxdur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz