Ermənistanın yeni Konstitusiya layihəsi dərc olunub

Xəbərin çap versiyası
Tarix: Bu gün, 16:00


Ermənistanın yeni Konstitusiya layihəsi dərc edilib.

Civilazerbaijan.com
bildirir ki, layihəni baş nazir Nikol Paşinyan “Facebook” səhifəsində təqdim edib.

Yeni Konstitusiya layihəsinin giriş hissəsində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yer almır. Sənəddə ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisində müstəqil, dinc, təhlükəsiz və firavan dövlət qurmaq, bu dövləti nəsildən-nəslə ötürmək məqsədi vurğulanır.

Layihədə parlamentin rolu, müxalifətin hüquqları, siyasi partiyalar və media ilə bağlı müddəalara da dəyişikliklər təklif olunur.

Yeni layihəyə əsasən, Konstitusiyanın və ya ona dəyişikliklərin referendumda qəbul edilməsi barədə qərar parlamentdə deputatların ümumi sayının ən azı beşdə üçünün səsi ilə qəbul ediləcək. Hazırkı Konstitusiyada bu hədd üçdə iki olaraq müəyyənləşdirilib.

Ermənistan parlamentində 107 deputat olduğundan, layihənin referendumda qəbul edilməsi barədə qərar üçün ən azı 65 deputatın dəstəyi tələb olunur. Son parlament seçkilərində konstitusiya çoxluğu əldə etməyən hakim “Vətəndaş Müqaviləsi” partiyası bu qərarı müxalifətin ən azı bir neçə deputatının dəstəyi olmadan qəbul edə bilməz.

Ermənistan müxalifəti Konstitusiyanın Bakıdan gələn tələblər əsasında dəyişdirildiyini iddia edir və layihənin referendumda qəbul edilməsinə dəstək verməyəcəyini bildirir.

Azərbaycan Ermənistan Konstitusiyasının giriş hissəsində Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını sülh sazişinin imzalanması üçün şərtlərdən biri kimi irəli sürür. Bəyannamədə Dağlıq Qarabağ və Ermənistanın birləşməsinə dair müddəa yer alır.

Nikol Paşinyan layihənin təqdimatı zamanı bildirib ki, yaradılan sayt vətəndaşların Konstitusiya layihəsi ilə tanış olması və təkliflərini təqdim etməsi üçün imkan yaradır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz