Amnesty International-dan Meydan TV jurnalistlərinin təcili azad edilməsi ilə bağlı BƏYANAT
Tarix: Dünən, 15:09
“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı Azərbaycanda həbsdə olan jurnalistlərin səhhəti ilə bağlı yeni təcili bəyanat yayıb.
Civilazerbaijan.com bildirir ki, dərc olunan sənəddə Meydan TV-nin baş redaktoru Aynur Elgünəş, jurnalist Aytac Tapdıq və redaktor Şəmşad Ağanın vəziyyətindən narahatlıq ifadə olunub.
Təşkilat Azərbaycan hökumətindən onların, eləcə də “Meydan TV işi” üzrə həbsdə olan digər jurnalistlərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.
“Amnesty International” hesab edir ki, jurnalistlər müstəqil peşə fəaliyyətlərinə görə siyasi motivli ittihamlarla təqib olunurlar.
Üç jurnalistin səhhəti ilə bağlı narahatlıq
Təşkilatın məlumatına görə, ciddi böyrək problemindən əziyyət çəkən Aynur Elgünəş oktyabrın 18-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Həkimlər təcili cərrahi əməliyyat tövsiyə etsələr də, jurnalist hələ əməliyyat olunmayıb.
Vəkillərinin məlumatına əsaslanan təşkilat bildirir ki, fiziki məhdudiyyətləri olan jurnalistin döş qəfəsində də törəmələr aşkarlanıb. Səhhətinin gündən-günə pisləşməsinə baxmayaraq, oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi onun ev dustaqlığına buraxılması barədə vəsatəti rədd edib.
“Amnesty International” qeyd edir ki, digər jurnalist Aytac Tapdıq da 22 aydan çoxdur ehtiyac duyduğu tibbi yardımı ala bilmir. Burun çəpərində əyrilik olan jurnalist otorinolarinqoloq müayinəsi və müalicəsindən məhrum edilib.
Mədə xorasından əziyyət çəkən Şəmşad Ağanın da müalicəyə ehtiyacı olduğu bildirilir. Təşkilat onun köçürüldüyü tibb müəssisəsində zəruri tibbi yardımla təmin edilməsinin vacibliyini vurğulayır.
İşgəncə iddialarının araşdırılması tələb olunur
Bəyanatda “Meydan TV işi” üzrə həbsdə olan digər jurnalistlərin də polis və penitensiar xidmət əməkdaşları tərəfindən zorakılığa məruz qaldıqları barədə məlumatlara yer verilib.
Təşkilat bildirir ki, Ülviyyə Əli (Quliyeva) iki dəfə cinsi zorakılıqla hədələndiyini və polis əməkdaşları tərəfindən döyüldüyünü açıqlayıb. Aysel Ümüdova saxlanılarkən cinsi qısnamaya, Xəyalə Ağayeva psixoloji zorakılığa, Nurlan Libre (Qəhrəmanlı) isə fiziki zorakılığa məruz qaldığını bildirib.
“Amnesty International”ın məlumatına görə, bu iddiaların heç biri effektiv şəkildə araşdırılmayıb.
Təşkilat zəruri tibbi yardımdan məhrumetmənin də qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar hesab oluna biləcəyini vurğulayıb.
12 jurnalistə qarşı 79 min manatlıq tələb
“Amnesty International”ın sənədində “Meydan TV işi” üzrə məhkəmə prosesi ilə bağlı yeni məqama da diqqət çəkilib. Bildirilir ki, oktyabrın 12-də Dövlət Vergi Xidməti iş üzrə təqsirləndirilən 12 nəfərə qarşı ümumilikdə 79 min 89 manatlıq mülki iddia qaldırıb.
Təşkilatın məlumatına görə, iddiada hər bir şəxsin fərdi məsuliyyəti və tələb olunan məbləğin onlar arasında bölgüsü göstərilməyib. “Amnesty International” bunu məhkəmə prosesinin ədalətli məhkəmə araşdırması standartlarına uyğun aparılmadığını göstərən əlavə hal kimi qiymətləndirir.
Təşkilat xatırladır ki, 2023-cü ilin noyabrından Azərbaycanda 30-a yaxın jurnalist və media işçisi həbs edilib.
İlham Əliyevə müraciət
“Amnesty International” ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə müraciət göndərməyə çağırıb.
Təşkilat jurnalistlərin dərhal və qeyd-şərtsiz azad olunmasını, onların zəruri tibbi yardımla təmin edilməsini, işgəncə və pis rəftar iddialarının müstəqil şəkildə araşdırılmasını tələb edir.
Müraciətdə Azərbaycanda müstəqil medianın və dinc etirazların cinayət təqibi vasitəsilə hədəfə alınmasına son qoyulması da istənilir.
Təşkilat çağırış kampaniyasını 2027-ci il yanvarın 30-dək davam etdirəcək.
“Meydan TV işi” haqqında
“Meydan TV işi” üzrə ilk həbslər 2024-cü il dekabrın 6-da başlayıb. Hazırda 12 nəfər məhkəmə qarşısına çıxarılıb.
Jurnalistlər qaçaqmalçılıq və digər cinayətlərdə ittiham olunurlar. Onlar ittihamları qəbul etmir, həbslərini hökumətin korrupsiyası və digər qanunsuzluqları ilə bağlı jurnalist fəaliyyətlərinə görə təqib olunmaları ilə əlaqələndirirlər.
“Amnesty International” onların azadlıqdan məhrum edilməsini əsassız hesab edir və Azərbaycanda müstəqil mediaya qarşı təzyiqlərin artdığını bildirir, Meydan TV-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













