Əli Kərimlinin məhkəməsi başlayıb

Xəbərin çap versiyası
Tarix: Bu gün, 19:14


Bu gün, noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin məhkəməsi başlayıb.

Civilazerbaijan.com
bildirir ki, hakimlər Vüqar Quliyev, Şəlalə Həsənova və Elmin Rüstəmovun rəhbərliyi ilə keçirilən prosesə bir çox şəxsin buraxılmadığı deyilir.

Hadisə yerində olan şahidlərin sözlərinə görə, polis jurnalistləri və AXCP fəallarını nəinki binanın daxilinə, heç onun həndəvərinə də buraxmayıb. Ayrı-ayrı hüquqşünaslar bundan əvvəl bildirmişdilər ki, hazırlıq iclasları bütün hallarda açıq keçirilməlidir.

Məsələyə, hələlik, nə Bakı Ağır Cinayətlər Məhkəməsindən, nə də Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olub, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığına toplaşan AXCP-nin ayrı-ayrı funksionerləri isə deyiblər ki,bu məhkəmənin heç bir perespektivi yoxdur, çünki ittihamların içi boşdur.Onların fikrincə, məhs bu səbəbdən insanların məlumatlandırılmasını istəmirlər.

“Azadlıq” qəzeti də qapalı kecirilən məhkəmə prosesi barədə barədə məlumat yayımlayıb. Məlumatda qeyd edilir ki, məhkəmə kollegiyası prosesin qapalı kecirilməsi barədə qərar verib. Məhkəmə iclası zamanı Əli Kərimlinin və Məmməd İbrahimin vəkillərinin cinayət işinə xitam verilməsi, həbs qəti-imkan tədbirinin dəyişdirilməsi, Əli Kərimlinin və Məmməd İbrahimin şüşə kabinədə deyil, vəkillərin yanında oturması ilə bağlı verdikləri vəsatətlər təmin edilməyib.

Əli Kərimli çıxışında cinayət işinin tamamilə əsassız olmasına istinad edərək onun ləğv olunmasını tələb edib.

Əli Kərimli məhkəmənin qapalı keçirilməsinə etiraz edib və bundan sonra da prosesin qapalı keçiriləcəyi halda, proseslərdə iştirak etmək istəmədiyini bildirib.

Qeyd edək ki, Ə.Kərimli və M.İbrahimə qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Ə.Kərimli və M.İbrahim daha öncə ictimaiyyətə açıqlamalarında ittihamı rədd edib, siyasi sifarişlə həbs olunduqlarını bildiriblər. Üstəlik, Ə.Kərimli ümumiyyətlə istintaqa ifadə vermədiyini vurğulayıb.

Ə.Kərimli və M.İbrahim ötən il noyabrın sonunda həbs olunublar. Onların əvvəlcə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı açılmış cinayət işi çərçivəsində həbs olunduğu deyilsə də, sonradan bu işlər bir-birindən ayrılıb. Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunub. Ötən həftə onun məhkəməsinin başa çatdığı, Prezident Administrasiyasının sabiq rəhbərinə 14 il şərti cəza verildiyi açıqlanıb. Onun məhkəmə prosesinə də bir çox jurnalistin və arzu edən şəxsin buraxılmadığı bildirilib.

Xatıladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 2026-cı il fevralın 12-də işlə bağlı geniş açıqlama yayıb. Qurumun məlumatında R.Mehdiyev ilə yanaşı, keçmiş baş nazirin birinci müavini Abbas Abbasov, AXCP sədri Əli Kərimli, partiyanın üzvü Məmməd İbrahim və daha bir neçə şəxsin adları çəkilirdi. DTX iddia edir ki, həmin şəxslərdən bir qismi xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə Azərbaycanda dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsi istiqamətində fəaliyyət göstərib. AXCP-nin rəhbər şəxslərindən başqa, adları çəkilən şəxslərdən qalanları ictimai qaydada bu ittihamlara cavab verməyiblər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz