Bu il Azərbaycanda azı 49 hərbçi qeyri-döyüş şəraitində vəfat edib - HESABAT

Xəbərin çap versiyası
Tarix: Bu gün, 14:52


2026-cı ilin əvvəlindən noyabrın 26-dək Azərbaycanda azı 49 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son monitorinq hesabatında deyilir.

Civilazerbaijan.com
bildirir ki, məlumata görə, hərbi qulluqçulardan 16-sı müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 7-si intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Daha 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir.

Xəstəlikdən ölənlərin 9-nun ürək xəstəlikləri, 1-nin sətəlcəm, 1-nin ağciyər xəstəliyi, 1-nin “sürətlə yayılan meningit”, 1-nin “ağır xəstəlik” səbəbindən öldüyü qeyd olunub. Üç hərbi qulluqçunun ölümünə səbəb olan xəstəliklər açıqlanmayıb.

Hesabata görə, bədbəxt hadisələr nəticəsində ölən 7 nəfərdən 2-si suda, 2-si dəm qazından boğulub. Bir hərbi qulluqçu dağda sürüşmə, biri hündür mərtəbədən yıxılma, digəri isə paraşütün açılmaması nəticəsində həyatını itirib.

Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbi qulluqçu ölüb. Mayda 6, apreldə və iyunda hərəsində 5, fevralda, sentyabrda və noyabrda hərəsində 4, yanvar və avqustda hərəsində 3, mart və oktyabrda isə hərəsində 2 ölüm qeydə alınıb.

Ölənlərin 32-si Müdafiə Nazirliyinin, 13-ü Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olub. Digər 4 nəfər isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarıdır.

Hesabata görə, ölənlərin 15-i əsgər, 6-sı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXQ), 8-i gizir, 6-sı zabit, 4-ü kursant, 1-i isə çavuş olub. Digər 9 nəfərin hərbi rütbəsini müəyyən etmək mümkün olmayıb.

XHTİ-nin məlumatına görə, eyni dövrdə 8 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb. Onlardan 5-i avtomobil qəzasında, 2-si minaya düşmə nəticəsində yaralanıb, 1 nəfər isə dağda sürüşmə zamanı xəsarət alıb.

XHTİ-nin məlumatına görə, 2025-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda azı 43 hərbi qulluqçu qeyri-döyüş şəraitində ölüb.

İnstitutun direktoru Cəsur Məmmədov daha əvvəl “Toplum TV”yə deyib ki, qeyri-döyüş itkilərinin səbəblərindən biri korrupsiyadır:

“Baxmayaraq ki, hərbi xərclər artırılır, büdcədən ayrılan pul əsgərə gəlib çatmır. Əsgərlərin təminatında və yaşayış şəraitində irəliləyişlər yoxdur. Problemlərin həlli Azərbaycanın müqaviləli orduya keçidi ilə bağlıdır. Nə qədər ki, orduda ciddi islahatlar aparılmayıb, ordunun təminatı müasir standartlara uyğunlaşdırılmayıb, əsgər ölümləri davam edəcək”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz