Kriptovalyuta birjasına tarixin ən böyük kiberhücumu edilib

Xəbərin çap versiyası
Tarix: Dünən, 16:25


Dünyanın ən böyük kriptovalyuta birjası "Binance"a edilən kiberhücum nəticəsində 6,36 milyard dollar dəyərində rəqəmsal aktiv oğurlandığı deyilir.

Civilazerbaijan.com
bildirir ki, CNN telekanalının məlumatına görə, insident kriptovalyuta tarixində qeydə alınan ən böyük oğurluq hadisəsi hesab olunur. Hadisədən sonra kriptovalyuta şirkətləri oğurlanmış vəsaitlərin izinə düşərək onların təxminən 3 milyard dollarını dondurmağa nail olublar.

"Binance" ilkin araşdırmanın nəticələrinə əsasən, hücumun şirkət mühəndislərindən birinin noutbuku vasitəsilə həyata keçirildiyini bildirib. Bu yolla hakerlər xidmət sisteminə giriş əldə edərək icazəsiz pulköçürmə əməliyyatları həyata keçiriblər.

Şirkət istifadəçilərin vəsaitlərinin təhlükəsiz olduğunu, bütün itkiləri öz vəsaitləri və fövqəladə aktivlər fondu hesabına qarşılayacağını açıqlayıb. Təhlükəsizlik yoxlamaları aparılarkən depozit və vəsaitlərin çıxarılması əməliyyatları müvəqqəti dayandırılıb.

Bir neçə blokçeyn (bloklar zənciri) texnologiyaları araşdırma şirkəti hücumun arxasında Şimali Koreya ilə əlaqəli haker qruplaşmalarının dayandığını ehtimal edir. "TRM Labs", "Chainalysis" və Sinqapurun "Pangolin Intelligence" şirkətləri blokçeyn əməliyyatlarının təhlili əsasında bu qənaətə gəliblər. Lakin Şimali Koreyanın məsuliyyəti müstəqil şəkildə təsdiqlənməyib.

Şimali Koreya daha əvvəl də böyük kriptovalyuta oğurluqlarında ittiham olunub. 2025-ci ilin fevralında "Bybit" kriptovalyuta birjasına hücum nəticəsində təxminən 1,5 milyard dollar dəyərində rəqəmsal aktivin oğurlandığı bildirilmişdi. ABŞ və Cənubi Koreya rəsmiləri Şimali Koreya ilə əlaqəli haker qruplarının ölkəyə sanksiyalardan yayınmaq və gəlir əldə etmək üçün kiberhücumlar həyata keçirdiyini bildirirlər.

Hadisə barədə məlumat yayıldıqdan sonra “Bitcoin” və “Etherin” qiymətlərində də eniş qeydə alınıb. Daha sonra itkilərin bir hissəsi bərpa olunsa da, hər iki kriptovalyuta təxminən 2-3 faiz ucuzlaşıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz