Abzas Media Beynəlxalq İfadə Azadlığı mükafatına layiq görülüb

Xəbərin çap versiyası
Tarix: Bu gün, 14:55


Altı əməkdaşı həbsdə olan, fəaliyyətini mühacirətdə davam etdirən “Abzas Media” beynəlxalq “Index on Censorship” təşkilatının 2026-cı il “İfadə Azadlığı Mükafatı”nın (Freedom of Expression Awards) jurnalistika kateqoriyası üzrə qalibi seçilib.

Civilazerbaijan.com
bildirir ki, “Index on Censorship” “Abzas Media”nın əməkdaşlarının həbsinə baxmayaraq, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını araşdırmağa davam etdirdiyini vurğulayıb. Təşkilatın icraçı direktoru Cemima Steynfeld mükafatla bağlı fikirlərini bölüşərkən “Abzas Media”nın repressiyalara baxmayaraq, müstəqil jurnalist fəaliyyətini davam etdirdiyini vurğulayıb:

““Abzas Media”nın redaksiyası Azərbaycandakı həbsxanalarla mühacirət arasında bölünüb. Bunların hər ikisi jurnalist fəaliyyəti üçün son dərəcə çətin şəraitdir. Lakin bu, onların fəaliyyətinə mane olmayıb. Onlar hakimiyyəti sorğulamağa və oxucularını məlumatlandırmağa davam edərək göstərirlər ki, repressiyalar bu jurnalistlərin yaradıcılığı və cəsarəti qarşısında acizdir. Bu, təqdirəlayiqdir. Onların cəsarətini qiymətləndirməkdən və Azərbaycanda həbsdə olan bütün jurnalistlərin azadlığa buraxılması ilə bağlı çağırışımızı bir daha səsləndirməkdən şərəf duyuruq”, - Steynfeld bildirib.

Təşkilat “Abzas Media” redaksiyasının mükafatla bağlı mesajını da yayıb. Mesajda Azərbaycanda jurnalistlərin ictimaiyyəti məlumatlandırdıqlarına, korrupsiya və ədalətsizlik hallarını üzə çıxardıqlarına görə azadlıqdan məhrum edildiklərinə diqqət çəkilib:

“Biz azadlıqla ifadənin bir araya gəlmədiyi, azadlığın sərhədlərini hakimiyyətdə olanların müəyyən etdiyi və məhdudlaşdırdığı bir ölkənin jurnalistləriyik. Elə bir ölkənin ki, orada jurnalistlər səsini hakimiyyətə çatdıra bilməyənlərin səsi olduqlarına, ədalətsizliyi üzə çıxardıqlarına, korrupsiya və dövlət vəsaitlərindən sui-istifadə hallarını ictimaiyyətə açıqladıqlarına görə həbs edilir, azadlıqdan məhrum olunurlar. Bu mükafat öz səlahiyyətlərindən sui-istifadə edən və azad sözü susdurmağa çalışanların məqsədlərinə çata bilmədiklərinin sübutudur. Üç ildir ki, “Abzas Media”ya qarşı təqiblər davam edir. Lakin həbsdə olan həmkarlarımız susmaqdan imtina etməklə göstəriblər ki, hakimiyyət nə qədər çalışsa da, müstəqil səsləri susdura bilməz. Fəaliyyətimizə verdiyiniz bu dəyərə görə təşəkkür edirik. Bir gün Azərbaycanda ifadə azadlığının həqiqətən təmin olunacağı ümidi ilə...”

“Index on Censorship”in jurnalistika kateqoriyası üzrə mükafatı senzuranı və ifadə azadlığına təhdidləri üzə çıxaran, ictimai əhəmiyyətli jurnalist fəaliyyətinə görə təqdim olunur.

Bu il mükafata “Abzas Media” ilə yanaşı, Gürcüstanın müstəqil media qurumlarını birləşdirən “Sinatle Media” şəbəkəsi və Ukraynanın “Vorskla” regional nəşri də namizəd göstərilmişdi.

Təşkilat namizədləri təqdim edərkən “Abzas Media”nın 2016-cı ildə yaradıldığını, yüksəkvəzifəli məmurlar, o cümlədən prezidentin ailəsi və yaxın ətrafı ilə əlaqəli korrupsiya və maliyyə şəbəkələri barədə araşdırmalar dərc etdiyini bildirib. Nəşrin fəaliyyətində insan hüquqlarının pozulması, siyasi həbslər, polis zorakılığı və həbsxanalardakı vəziyyətin işıqlandırılmasının da mühüm yer tutduğu qeyd olunub.

“Abzas Media”ya qarşı həbslər 2023-cü il noyabrın 20-də başlayıb. Həmin gün media qurumunun direktoru Ülvi Həsənli və əməkdaşı Məhəmməd Kekalov saxlanılıb, redaksiyanın Bakıdakı ofisində axtarış aparılıb. Növbəti gün baş redaktor Sevinc Vaqifqızı, sonrakı aylarda isə jurnalistlər Nərgiz Absalamova, Hafiz Babalı və Elnarə Qasımova həbs ediliblər. “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə də eyni cinayət işi üzrə həbs olunub.

2025-ci il iyunun 20-də “Abzas Media işi” üzrə hökm çıxarılıb. Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Jurnalistlər ittihamları rədd edir, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı araşdırmalarına görə siyasi motivlərlə həbs olunduqlarını bildirirlər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz