Azər Qasımlının ölkədən çıxışına icazə verilməyib
Tarix: 22-11-2024, 14:32
Bu gün səhər Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının ölkədən çıxışına icazə verilməyib. Bakı Hava Limanının sərhəd-buraxılış məntəqəsində ona bildirilib ki, DİN onun ölkədən çıxışına qadağa qoyub.
Civilazerbaijan.com bildirir ki, bu barədə Turan-a politoloq özü bildirib.
O deyib ki, Praqaya, oradan isə Berlinə səfərə gedəcəkdi. Politoloqa formal səbəb göstərməyiblər. O qeyd edib ki, son vaxtlar fəallara qarşı açılan cinayət işlərində onun adı keçməyib.
"Hesab edirəm ki, qadağa siyasi qərar və hakimiyyətin siyasətini tənqid etdiyimə görə mənə qarşı təzyiqdir. Qadağa qanunsuzdur", deyə Qasımlı bildirib.
O qeyd edib ki, cəmi bir həftə əvvəl ölkəyə qayıdıb və ona qadağa ilə bağlı heç nə deməyiblər. O, izahat üçün DİN-ə müraciət edib, lakin hələ cavab almayıb. Qasımlı COP29 başa çatdıqdan sonra (11-22 noyabr) hansısa uydurma ittihamlarla həbs edilə biləcəyini istisna etməyib.
DİN-in mətbuat xidmətindən Qasımlının müraciət etdiyini təsdiq ediblər və qeyd ediblər ki, "məsələ aydınlaşdırılır".
Qasımlı fəal vətəndaş mövqeyi və KİV-də və sosial şəbəkələrdə Azərbaycan hökumətinin siyasətini tənqid etməsi ilə məşhurdur. Əvvəllər, "Respublikaçı Alternativ" partiyasının məclis üzvü olduğu zaman o, inzibati həbsə məruz qalmışdı.
2016-cı ildə onun ölkədən çıxışına artıq qadağa qoyulmuşdu. Lakin 2018-ci ilin dekabrında Avropa İnsan Hüquqları Məhkəməsi 11 Azərbaycan vətəndaşının, o cümlədən Həsənlinin xaricə səfərlərinə qoyulmuş qadağanı qanunsuz hesab edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər