Məhkəmə Zümrüd Yağmuru axtarışa verib
Tarix: 27-11-2024, 17:17
Abşeron Rayon Məhkəməsinin yazar Zümrüd Yağmur barəsində axtarış elan edib.
Civilazerbaijan.com bildirir ki, Turana bu barədə məlumatı məhkəmədən təsdiq ediblər.
Belə ki, yazıçı Sürəyya Ağayeva tərəfindən xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə məhkəməyə verilib. Onun barəsində başqa yerə getməmək haqqında iltizam alındığı deyilir.
Məlumata görə, Z.Yağmur məhkəmə iclasına gəlmədiyinə görə onun məcburi gətirilməsi ilə bağlı qərar verilib. Daha sonra onun ölkədə olmadığına görə barəsində axtarış elan edilməsi ilə bağlı qərar qəbul olunub.
Zümrüd Yağmur isə Turana bildirib ki, Sürəyya Ağayeva onu 2021-ci ildə yazdığı bir yazıya görə məhkəməyə verib: "Bu məhkəmə üzrə cəlbetmə müddəti artıq 6 aydaq çoxdur ki bitsə də, biz bunu əsas gətirərək məhkəmə bitməsi ilə bağlı dəfələrlə vəsatət versək də, Abşeron Rayon Məhkəməsinin hakimi Cəmilə Səfiyeva nəyəsə görə məhkəməni uzadırdı. Mən Ankaraya gəlmişəm və bir müddət orada qaldıqdan sonra qızlarımın yanına gəldim".
Z.Yağmur qeyd edib ki, ona məhkəmə iclası ilə bağlı məlumat dünən verilib: "Biz vəkillə məsləhətləşdik və məhkəmə iclasının onlayn qaydada keçirilməsi ilə bağlı vəsatət verməyə qəra gəldik, çünki qanunvericilik bizə bunu etməyə imkan verir. Həm də mənim səhhətimdə problem yaranıb və mən hakimə bu səbəbdən iclasın təxirə salınması ilə bağlı xahişimi elektron poçt vasitəsilə göndərdim".
Yazar məhkəmə qərarını özünə qarşı qərəz hesab etdiyini vurğulayıb: "Mən dəfələrlə Məhkəmə Hüquq Şurasına müraciət edib bildirmişəm ki, məhkəmə Azərbaycan Respublikasının qanunlara uyğun olmayan bir şəkildə keçirilir. Mənim hüquqlarım pozulur və cəlbetmənin müddəti bitmiş bir məhkəməyə görə ətrafımda qalmaqal yaradılır".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər