Əli Kərimlinin məhkəməsi keçirilən binanın önündə saxlananlar var
Tarix: 2-12-2024, 14:48
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir neçə üzvü saxlanıb.
Civilazerbaijan.com bildirir ki, dekabrın 2-də partiyanın sədri Əli Kərimliyə qarşı verilən iddia üzrə Nəsimi rayon Məhkəməsində proses keçirilir.
AXCP-dən verilən məlumata görə, proses başlamazdan əvvəl polis əməkdaşları məhkəmə binasının önünə toplaşanları ərazidən uzaqlaşdırmağa başlayıb: "Əli bəy çıxış edirdi, bu anda polis əməkdaşları yaxınlaşıb avtomobillərini ərazidən çıxaracaqlarını və bizim oradan uzaqlaşmağımız lazım olduğunu dedilər. Bir neçə nəfər buna etiraz etdi. Gülnarə Rahimova, Ruslan Əmirov, Elçin Hacıvəlli, Vidadi Mirkamal, Rövşən Səfərov saxlandı. Digərlərini məhkəmədən xeyli irəliyə uzaqlaşdırıblar".
Partiyadan əlavə ediblər ki, saxlanılanların hara aparıldığı məlum deyil.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, beş il öncə AXCP-dən xaric olunmuş, sonradan məhkəmə qərarı ilə bu partiyaya bərpa edilən Aydın Əliyev xüsusi ittiham qaydasında iddia qaldıraraq Ə.Kərimlinin cəzalandırılmasını tələb edir. O, Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə AXCP sədrinin məsuliyyətə cəlb olunmasını istəyir.
A.Əliyev iddia edir ki, Ə.Kərimli müxtəlif internet televiziyalarındakı çıxışlarında ona böhtan ataraq hakimiyyətlə əməkdaşlıqda suçlayıb.
AXCP sədri və vəkilinin məhkəməyə təqdim etdikləri bir sıra sənəddə A.Əliyevin İctimai Nəzarət Koalisiyasının üzvü olduğu, Heydər Əliyev muzeyi, hazırkı prezident İlham Əliyev guşəsinin yaradılmasında iştirak etdiyi göstərilib. Ə.Kərimli vurğulayıb ki, həmin sənədlər AXCP-nin siyasi kursuna A.Əliyevin zidd davrandığını, bu üzdən, haqlı yerə partiyadan uzaqlaşdırıldığını sübut edir, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər