Jurnalist Nurlan Libre saxlanılıb

Xəbərin çap versiyası
Tarix: 20-02-2025, 22:14


Jurnalist Nurlan Qəhrəmanlının (Libre) saxlanıldığı bildirilir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə məlumat sosial mediada onun dostları tərəfindən yayılıb.

Onun bu gün günorta saatlarında Bakıda polis əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıta yaşadığı evə aparıldığı deyilir. Onun Sumqayıtda yaşadığı evdə axtarış aparıldığı bildirilir.

“Facebook”da yazılanlara görə, onun daha sonra hara aparıldığı məlum deyil.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildiriblər ki, jurnalist Nurlan Qəhrəmanlı (Libre) “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb.

Onun həbs olunması üçün məhkəməyə çıxarılacağı gözlənilir.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

Fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də saxlanılıb. Onun barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan edib.

Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.

Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz