Tofiq Yaqublu iki həftəyə 10 kq-dan çox çəki itirib

Xəbərin çap versiyası
Tarix: 14-04-2025, 19:40


Milli Şura və Müsavat Partiyasının həbsdə aclıq aksiyası keçirən üzvü Tofiq Yaqublunun artıq 10 kiloqramdan çox çəki itirdiyi deyilir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə onun qızı Nigar Həzi məlumat verib. Onun deməsinə görə, bu gün, aprelin 14-də vəkil Nazim Musayev təcridxanada atası ilə görüşüb: "Vəkil bildirdi ki, Tofiq Yaqublu çox taqətsiz, yorğun, halsız idi. 14 gündür aclıq edir, artıq çəkisi 85 kiloqram 400 qrama düşüb. Saturasiya və ürək döyüntüsü 96, təzyiq isə 111/75-dir. Artıq iki həftə ərzində 10 kiloqramdan çox çəki itirib".

N.Həzinin sözlərinə görə, Penitensiar Xidmət hələ də T.Yaqublunu həkim Adil Qeybullanın müayinə etməsi ilə bağlı müdafiə tərəfinin müraciətinə cavab verməyib.

T.Yaqublunun qızının açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb, AzadlıqRsdiosu-nun məlumatında qeyd olunur.

Qeyd edək ki, Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aprelin 1-dən aclıq aksiyasına başlayıb.

Onun qızı Nigar Həzinin sözlərinə görə, atası aclıq aksiyasına başladığını saxlanıldığı təcridxananın rəhbərliyinə yazılı şəkildə çatdırıb.

T.Yaqubluya 9 il həbs cəzası verilib. Bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Bu hökmlə T.Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələri ilə təqsirli bilinib. Amma o ittihamları qurama sayır. T.Yaqublu elə məhkəməsindəcə ədalətsiz hökm veriləcəyi təqdirdə aprelin 1-də aclıq aksiyasına başlayacağını bəyan etmişdi. O bu iş üzrə 2023-cü il dekabrın 14-də saxlanmışdı.

Xatırladaq ki, bu, T.Yaqublunun həbsdə ilk aclıq aksiyası açıqlaması deyil. O, 2020-ci il martın 22-də də tutulmuşdu. T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunaraq 4 il 3 ay azadlıqdan məhrum edilmişdi. Müxalifətçi həbsini siyasi sayaraq aclıq aksiyasına başlamış, günlər sonra xəstəxanaya yerləşdirilmişdi. Apellyasiya Məhkəməsinin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı qərardan sonra 17 gündür keçirdiyi aclıq aksiyasını dayandırmışdı. Bir il sonra onun ev dustaqlığı da ləğv edilmişdi.

T.Yaqublu daha öncə də - 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkilində günahlandırılaraq 5 il həbs edilmişdi. Amma 2016-cı ildə prezidentin sərəncamı ilə əfv olunmuşdu. Siyasi fəal bütün ittihamları rədd edib, şəxsən prezident İlham Əliyevin sifarişi ilə cəzalandırıldığını bildirib.

Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər, AzadlıqRsdiosu-nun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz