Tofiq Yaqublu dərhal azad edilməlidir - HELSİNKİ KOMİTƏSİ
Tarix: 25-04-2025, 17:27
Norveç Helsinki Komitəsi (NHK) həbsinə etiraz olaraq 25 gündür aclıq aksiyası keçirən siyasətçi Tofiq Yaqublu ilə bağlı Azərbaycan hakimiyyətinə çağırış edib.
Civilazerbaijan.com bildirir ki, bu barədə beynəlxalq insan haqları təşkilatının "Facebook" hesabında bəyan edib.
Təşkilat Yaqublunun adekvat, müstəqil tibbi yardımla təmin edilməsinə və onun dərhal azad edilməsinə çağırıb.
Qurum T. Yaqublunun 2023-cü ilin dekabrından təcridxanada saxlanıldığını və onun siyasi motivli ittihamlarla 9 il azadlıqdan məhrum edildiyini qeyd edib.
“Bu çox ciddi və narahatlıq doğuran vəziyyətdir. Tofiq Yaqublunun uzun müddətli aclıq aksiyası sağlamlığı və həyatı üçün böyük təhlükə yaradır. Bu həbs və onun dinc fəaliyyətinə qarşı illərlə davam edən təzyiqlər beynəlxalq insan haqları prinsiplərinı ziddir”, - NHK bildirir.
Komitə qeyd edir ki,Yaqublunun azadlığa buraxılması, “həm humanitar, həm də ədalət baxımından vacib bir addım” olardı.
“O, saxta ittihamlara və ədalətsizliyə etiraz olaraq aprelin əvvəlindən aclıq aksiyası keçirir. Yaqublu dərin çarəsizlik hissi ilə və səsinin ədalətsiz şəkildə boğulduğuna görə etiraz edir. Ailəsi onun həyatına görə narahatdır”, - Komitə əlavə edib.
Müsavat Partiyasının və Milli Şuranın üzvü olan Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
O, aprelin 1-dən azadlığa buraxılması üçün aclıq aksiyası keçirir.
Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.
Siyasətçi ittihamları qurama sayır.
Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.
O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər