Azərbaycan ifadə azadlığına görə neçənci yerdədir - BEYNƏLXALQ HESABAT
Tarix: Dünən, 18:52
Azərbaycan illik hazırlanan “Dünya İfadə Hesabatı”nın 2025-ci il üçün olan reytinqində 161 ölkə arasında 144-cü yeri tutub. Bununla da, Azərbaycan ifadə azadlığı baxımından “krizisdə olan” ölkələr kateqoriyasında yer alıb.
Civilazerbaijan.com bildirir ki, İllik Qlobal İfadə Hesabatında Azərbaycana qonşu ölkələrdən Ermənistan 59-cu, Gürcüstan 77-ci, Türkiyə 137-ci, İran 140-cı, Rusiya isə 151-ci yerdə qərarlaşıb.
Siyahıya ardıcıl olaraq Danimarka, İsveçrə və İsveç başçılıq edib. Sonuncu yerə isə Şimali Koreya layiq görülüb.
Hesabata əsasən, ifadə azadlığı reytinqləri 77 ölkədə aşağı düşüb, hazırda yalnız 35 ölkə "açıq" kateqoriyasında yer alır. Bu, qlobal miqyasda ifadə azadlığının ciddi şəkildə gerilədiyini göstərir.
Hesabatda qeyd olunur ki, son 10 il ərzində ifadə azadlığında yaxşılaşma yalnız dünya əhalisinin 4 faizinə – 300 milyondan az insana təsir edib. Bu müsbət dəyişiklik cəmi 15 ölkədə qeydə alınıb.
Hər 20 nəfərdən biri ifadə azadlığında irəliləyiş, 19 nəfər bunun əksini –geriləmə yaşayıb.
Hesabat ABŞ, Kolumbiya və İspaniyada məskunlaşan mütəxəssislər tərəfindən hazırlanıb.
İllik Qlobal İfadə Hesabatına (2025) görə, 5.6 milyarddan çox insan son 10 ildə ifadə azadlığının azalması ilə üzləşib.
İfadə azadlığının 25 göstəricisinə əsaslanan hesabat 161 ölkədə ifadə azadlığını izləyir və hər bir ölkəyə 0 ilə 100 arasında xal verir. Bu xal hər ölkəni 5 ifadə kateqoriyasından 1-də yerləşdirir. Bu kateqoriyalara “sərbəst”, “az məhdudiyyətli”, “məhdudiyyətli”, “yüksək məhdudiyyətli” və ya “krizisdə olan” aiddir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər