Hacı Vəliyevin həbs müddəti uzadılıb - SƏBƏB
Tarix: Dünən, 18:34
Həbsdə olan ictimai fəal və İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyevin həbs qətimkan müddəti uzadılıb.
Civilazerbaijan.com bildirir ki, bu barədə avqustun 18-də Xətai Rayon Məhkəməsi qərar verib.
Həbs qətimkan tədbiri müddətinin uzadılması haqqında istintaq orqanının təqdimatına baxan məhkəmə müddəti daha 20 gün uzadıb.
Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur.
Vəliyev müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınır.
O, martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.
Vəliyev mayın 14-də məhkəmədə çıxışında deyib ki, o, "ictimai fəaliyyətinə, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifah məsələlərini dövlət qurumları qarşısında qaldırdığına və məmurları tənqid etdiyinə" görə həbs olunub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər