Azərbaycan hökuməti təzminat ödəyəcək - AHİM-dən ACIQLAMA
Tarix: 4-10-2025, 13:48
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycana qarşı “İlhamiz Quliyev və digərləri” işi üzrə qərarını elan edib. Məhkəmə bəyan edib ki, Azərbaycan hökuməti vətəndaşların ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu etiraf edib və bunun müqabilində təzminat ödəməyə razılaşıb.
Civilazerbaijan.com bildirir ki, məhkəməyə müraciət edən şəxslər “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucov, hüquq müdafiəçisi İlhamiz Quliyev, ictimai fəal Emin Axundov, AXCP üzvləri Orxan Baxışlı, Ramid Nağıyev və Kənan Zeynalovdur.
Onlar müxtəlif vaxtlarda inzibati xətalarla bağlı ədalətsiz məhkəmə proseslərindən şikayət ediblər. Fəalların iddiaları Avropa Konvensiyasının 6-cı maddəsi – “ədalətli məhkəmə araşdırması hüququ” ilə bağlı olub.
Şikayətlər birləşdirilərək vahid qərar formasında araşdırılıb. Azərbaycan hökuməti əvvəlcə dostcasına həll variantlarını müzakirə etsə də, daha sonra AİHM-ə birtərəfli bəyanatlar təqdim edib. Bu bəyanatlarda hökumət pozuntuları qəbul etdiyini, zərərçəkənlərə kompensasiya ödəməyə hazır olduğunu bildirib.
Qərara görə, hər bir ərizəçiyə ödəniləcək məbləğlər hökumətin təqdim etdiyi cədvəldə göstərilib. Cədvələ əsasən, hər bir fəala mənəvi zərərə görə 900 avro, əlavə xərclər üçün 225 avro ödəniləcək. Ödəniş üç ay müddətində həyata keçirilməlidir. Əgər bu müddətdə ödəniş olunmasa, əlavə faizlər Avropa Mərkəzi Bankının uçot dərəcəsinə üç faiz əlavə edilməklə hesablanacaq.
Məhkəmə qeyd edib ki, bu məbləğlər əvvəlki oxşar işlərdə müəyyən edilən təzminatlarla uyğunluq təşkil edir və müraciətçilərdən etiraz daxil olmayıb.
AİHM vurğulayıb ki, hökumətin birtərəfli bəyanatı və təklif edilən təzminat pozuntulara görə “məqbul və yetərli” kompensasiya hesab olunur. Bu səbəbdən, məhkəmə işləri siyahıdan çıxarmaq barədə yekdil qərar qəbul edib.
Bununla belə, qərarda qeyd olunub ki, hökumət öhdəliklərinə əməl etməsə, həmin işlər yenidən məhkəmənin gündəliyinə qaytarıla bilər.
AİHM xatırladıb ki, Azərbaycanla bağlı inzibati xətalar üzrə ədalətli məhkəmə araşdırmasının pozulmasına dair geniş presedent hüququ mövcuddur. Bunlara “Qafqaz Məmmədov Azərbaycana qarşı” (2015), “Hüseynli və digərləri Azərbaycana qarşı” (2016), “Həsənov və Məcidli Azərbaycana qarşı” (2021) və digər işlər daxildir, AbzasMedianın məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər