ABŞ konqresmenləri Azərbaycana qarşı sanksiya layihəsi hazırlayıblar

Xəbərin çap versiyası
Tarix: Dünən, 20:56


ABŞ konqresmenləri Darrell İssa və Qas Bilirakis "Qafqazda eskalasiyanın qarşısının alınması və tərəfdaşlığın möhkəmləndirilməsi" (PEACE Act – H.R.5632) adlı qanun layihəsi hazırlayıblar.

Civilazerbaijan.com
bildirir ki, Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədr müavini D.İssanın adından yayılan pres-relizdə deyilir ki, qanun layihəsinin məqsədi gələcəkdə Ermənistana qarşı təcavüzün qarşısını almaq, onun Azərbaycanla Tramp administrasiyası vasitəsilə əldə etdiyi sülh razılaşmasını möhkəmləndirməkdir.

Təklif edilən sanksiyalar sırasında Ermənistana qarşı düşmən hərəkətə görə məsuliyyət daşıyan məmurların və onların ailə üzvlərinin ABŞ-dəki aktivlərinin dondurulması; ABŞ-yə girişinə qadağa qoyulması; Azərbaycanın neft satışını asanlaşdıran maliyyə qurumlarına məhdudiyyətlər yer alır.

Layihə sentyabrın 30-da ABŞ Nümayəndələr Palatasına təqdim olunub, xarici əlaqələr, ədliyyə və maliyyə xidmətləri komitələrinə göndərilib. Amma, hələlik, komitələrdə müzakirəyə çıxarılmayıb.

ABŞ-də bir qanun layihəsinin qanun statusu almasından ötrü onu bütün komitələr təsdiqləməli, daha sonra həm Nümayəndələr Palatası, həm də Senatdan keçməli və sonda ABŞ prezidenti onu imzalamalıdır.

Avqustun 8-də ABŞ prezidenti Donald Tramp, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda bir araya gəlib, birgə bəyanat imzalayıb. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri isə sülh sazişini paraflayıblar.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz