Hökumət Şəmşad Ağanı qardaşı qızının yasına buraxmayıb

Xəbərin çap versiyası
Tarix: Dünən, 21:36


Bu gün, oktyabrın 14-də Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunmuş, arqument.az saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) həbsdən qardaşı qızının yas yerinə buraxılması ilə bağlı verilmiş vəsatətinə baxılıb. Hakim vəsatəti təmin etməyib.

Civilazerbaijan.com
bildirir ki, yaxınlarının açıqlamasına görə, Şəmşad Ağanın konvoy müşayiəti ilə bir neçə saatlıq ailəsi ilə görüşməsi üçün müraciət edilmişdi.

Bundan bir gün öncə də “Toplum TV işi” üzrə həbsdə olan III Respublika Platformasının Qurucu Heyət üzvləri Ruslan İzzətli və Akif Qurbanov Şəmşad Ağa üçün prezidentə müraciət etmişdilər.

Həmin müraciətdə isə Şəmşad Ağanın azadlığa buraxılması istənilib. Müraciətdə qeyd olunurdu ki, Şəmşad Ağanın həyat yoldaşı “həyati risk daşıyan ağır xəstəliklə” üz-üzədir və bu səbəbdən əməliyyat olunması vacibdir: “Təəssüf ki, əməliyyat həyati risk daşıyır, nəticələri barədə həkimlər aydın diaqnoz verə bilmir, yüksək risk daşıdığını ifadə edirlər. Şəmşad Ağanın ailəsi 4 nəfərdən ibarətdir və himayəsində 2 azyaşlı övladı var. Belə vəziyyətdə ailə başçısı olaraq Şəmşad Ağanın öz həyat yoldaşının yanında olması, onun müalicəsini təşkil etməsi və övladlarının himayəsini həyata keçirə bilməsi qaçınılmaz zərurət yaradır”.

Hələlik, bu müraciətə rəsmi qurumlardan hər hansı cavab verilməyib.

Qeyd edək ki, Ruslan İzzətli və Akif Qurbanov daxil 10-a yaxın şəxs həmin iş üzrə ötən ilin martında qaçaqmalçılıq və başqa ittihamlarla həbs ediliblər. Ümumilkdə isə 2023-cü ilin noyabrından bəri həmin ittihamlarla Azərbaycanda müxtəlif işlər üzrə 30 civarında jurnalist və ictimai fəal tutulublar. Onlar ittihamları qəbul etmir, siyasi sayırlar. Rəsmilər isə bir qayda olaraq ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Şəmşad Ağa isə bu il fevralın 5-də “Meydan TV işi” ilə əlaqəli həbs olunub. Ona qarşı da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və daha 7 maddə əlavə olunub. Bu iş üzrə həbs edilənlər də ittihamları qəbul etmirlər, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz