Sputnik Azərbaycanın şef redaktoru ev dustaqlığına buraxılıb
Tarix: Dünən, 17:29
"Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) şef redaktoru Yevgeniy Belousov barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Civilazerbaijan.com bildirir ki, bu barədə hökumətyönlü media orqanları xəbər yayıb.
Xəbərdə bildirilir ki, qərar oktyabrın 24-də Xətai Rayon Məhkəməsində verilib.
Bu ilin iyununda polisin “Sputnik Azərbaycan” ofisində keçirdiyi əməliyyat nəticəsində bu media qurumunun icraçı direktoru İqor Kartavıx və şef redaktoru Yevgeni Belousov həbs edilmişdi.
Onların Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunduğu bildirilirdi.
"Sputnik Azərbaycan” saytının azərbaycanlı əməkdaşları haqqında isə polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilmişdi.
Bu ayın əvvəli isə Kartavıx azadlığa buraxılıb və ölkəsinə yola salınıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun dediyinə görə, bununla bağlı qərar Rusiya və Azərbaycan prezidentlərinin görüşü ərəfəsində qəbul edilib.
Oktyabrın 9-da Düşənbədə Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin görüşüblər.
Sözügedən şəxslərin həbsi iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində iki azərbaycanlının ölümü ilə nəticələnən Federal Təhlükəsizlik Xidmətinin reydindən sonra baş vermişdi.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













