Araik Arutyunyan və daha 14 nəfərin işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Tarix: Dünən, 23:31
Bakıda həbsdə olan Qarabağ separatçıları – "Dağlıq Qarabağ Respublikasının prezidenti" olmuş Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, keçmiş "xarici işlər naziri" Davit Babayan, "parlament sədri" Davit İşxanyan və digərlərindən ibarət 15 nəfərin məhkəməsi yekunlaşır.
Civilazerbaijan.com AzadlıqRadiosuna istinadla bildirir ki, nların işinə baxan Bakı Hərbi Məhkəməsinin hakimlər kollegiyası oktyabrın 31-də məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edib.
Noyabrın 3-də keçiriləcək növbəti məhkəmə iclasında prokurorlar çıxış edəcək, təqsirləndirilən şəxslərə cəza istəyəcəklər.
Harutyunyan və onunla mühakimə olunan daha 14 nəfərə 2 min 548 epizod üzrə terrorçuluq, soyqırımı, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
Məhkəmə önünə çıxarılan 15 nəfərin bir neçəsi özünü qismən təqsirli bildiyini deyib, bəziləri isə, ümumiyyətlə, təqsirli bilməyib.
Qarabağdakı keçmiş separatçı rejimin "dövlət naziri" olmuş milyarder Ruben Vardanyan isə tək mühakimə olunur. Onun da işinə Bakı Hərbi Məhkəməsinin sədri və iki hakimindən ibarət eyni kollegiya baxır.
Vardanyan məhkəmədə ifadə verməkdən imtina edib.
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər














