AXCP Xətai şöbəsinin sədri Faiq Nağıyev 30 sutka həbs edilib
Tarix: 12-11-2025, 21:54
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Xətai rayon şöbəsinin sədri Faiq Nağıyevin 30 sutka həbs edildiyi bildirilir.
Civilazerbaijan.com bildirir ki, bu barədə noyabrın 12-i, axşam saatlarında AXCP-dən məlumat verilib. Amma partiyadan həbsin təfərrüatlarının hələ bilinmədiyi qeyd edilib. AXCP-dən bu "Konstitusiya günündə AXCP-yə hədiyyə" kimi dəyərləndirilib.
12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür. Məsələni Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
AXCP-dən daha əvvəl bildirilmişdi ki, F.Nağıyev noyabrın 12-də səhər saatlarında evdən çıxıb, lakin sonradan onunla əlaqə qurmaq mümkün olmayıb: "Çox güman ki, Faiq bəy də, bir çox cəbhəçilər kimi, saxlanıb".
Bununla bağlı AXCP sədri Əli Kərimli də paylaşım etmişdi: "AXCP Xətai rayon şöbəsinin sədri Faiq Nağıyev bu gün məni öz maşını ilə Milli Şura iclasına aparacaqdı. Ancaq Faiq bəy gəlib çıxmadı. Dostlar araşdırdılar və məlum oldu ki, artıq bir neçə saatdır Faiq Nağıyevlə əlaqə saxlamaq mümkün deyil. Əvvəlki təcrübələri nəzərə alaraq Faiq bəyin də polis tərəfindən saxlanıldığını düşünürük".
Ə.Kərimli bir müddət öncə də demişdi ki, ona ictimai əsaslarla sürücülük və mühafizəçilik edən 10 civarında şəxs bu il əsassız yerə həbs edilib.
Milli Şurada AXCP və daha bir neçə müxalif qüvvə yer alır. Demokratik Qüvvələrin Milli Şurası və ya qısaca Milli Şura 2013-cü ildə Azərbaycanda prezident seçkisi ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb. Sonradan onu bəzi müxalif qüvvələr tərk edib.
Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
AzadlıqRadiosunun məlumatında qeyd olunur ki, bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda 390-dan çox siyasi məhbus var.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












