Zahirəddin İbrahimovun həbs müddəti uzadılıb
Tarix: 21-11-2025, 20:39
Bu ilin martında Rusiyada saxlanılıb Azərbaycana gətirilən talış tarixçi Zahirəddin İbrahimovun barəsindəki həbs qətimkan tədbiri daha 5 ay uzadılıb.
Civilazerbaijan.com bildirir ki, yerli medianın xəbərinə görə, bu barədə noyabrın 21-də Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb və məhkəmə təqdimatı təmin edib.
Rusiyanın Yekaterinburq şəhərində yaşayan Z.İbrahimov bu il martın 26-da Azərbaycana ekstradisiya olunub. Ona qarşı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi açılıb.
Tarixçi Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham olunur.
Z.İbrahimov 2002-ci ildən Rusiya vətəndaşıdır. O, sonuncu dəfə 2014-cü ildə Azərbaycana gəlməyə cəhd etsə də, hava limanından geri qaytarılıb.
Həm də bloger kimi fəaliyyət göstərən tarixçi özünün “YouTube” kanalında talış dilində veriliş aparıb. O, 2012-ci ildə qurulan Talış Mədəniyyəti Mərkəzinin təsisçilərindən biri olub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












