İşçi Masasının üzvünün həbsxanada quru aclığa başladığı deyilir

Xəbərin çap versiyası
Tarix: 25-11-2025, 16:01


Həbsdə olan işçi hüquqları fəalı, “İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Ayxan İsrafilovun üç gündür quru aclıq etdiyi bildirilir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə noyabrın 25-də onun yaxınları “Toplum TV”-yə məlumat verib.

Yaxınlarının sözlərinə görə, A. İsrafilov Bakı İstintaq Təcridxanasında (BİT) qapalı rejimli şəraitdə saxlanılması və şəxsi əşyalarının götürülüb geri qaytarılmamasına etiraz olaraq quru aclığa başlayıb.

“Bu gün telefonla danışarkən danışığı yarımçıq kəsilib. Ayxan İsrafilov 3-cü qrup əlildir və quru aclıq onun səhhəti üçün son dərəcə təhlükəlidir. Hazırda onunla əlaqə saxlamaq mümkün deyil. Biz Ayxan İsrafilovun səhhətindən narahatıq”, - yaxınları bildirib.

A. İsrafilov həbs müddətinin üçdə ikisini başa vurduğu üçün şərti azadlığa buraxılması barədə məhkəməyə müraciət edib. Lakin məhkəmə vəsatəti təmin etməyib və fəal Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Onun şikayəti üzrə noyabrın 12-də keçiriləcək iclas öncəsi A. İsrafilov saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən BİT-ə köçürülüb.

Apellyasiya Məhkəməsində proses noyabrın 26-na təxirə salınıb.

A. İsrafilov daha əvvəl yaxınları vasitəsilə bildirib ki, BİT-də qapalı rejim hökm sürür və bu şərait onun səhhətinə zərər vurur.

“Bakı Ağır Cinayətlər Məhkəməsi mənə ümumi rejimli cəzaçəkmə müəssisəsində həbs verib. Hal-hazırda cəzamdan şərti olaraq azad olmaq üçün apellyasiya məhkəməsinin olması üçün məni Kürdəxanı təcridxanasına aparırlar. İstintaq təcridxanası isə qapalı şəraitdir. Bu birbaşa olaraq mənə verilən hökmə əsasən hüquq pozuntusudur”, - o qeyd edib.

Ailə üzvləri bildiriblər ki, fəalın ayağında zədə var və o, vəziyyətini yaxşılaşdırmaq üçün mütəmadi idman hərəkətləri etməlidir. Qapalı rejimdə isə bunun mümkün olmadığı deyilir.

A. İsrafilov həmçinin bildirib ki, BİT-də ona ailə üzvləri ilə yalnız şüşə arxasından görüşə biləcəyi deyilib. O əlavə edib ki, saxlanıldığı 10 kvadratmetrlik kamerada 6 nəfər yerləşdirilib.

Ayxan İsrafilov 2023-cü il avqustun 13-də moto-kuryerlərin etiraz aksiyasına dəstək verdikdən sonra narkotik ittihamı ilə saxlanılmışdı.

Bu ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il azadlıqdan məhrum edib. May ayında Avropa İnsan Hüquqları Məhkəməsi A. İsrafilovun işi üzrə qərar verərək, onun azadlıq hüququnun Azərbaycan hökuməti tərəfindən pozulduğunu müəyyənləşdirib.

2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü - sədr Afiəddin Məmmədov, eləcə də Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda müxtəlif ittihamlarla həbsdədir. Onlar ittihamların qurama olduğunu və siyasi motivlər daşıdığını bildirirlər, Toplum TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz