Ülviyyə Əlinin həbs müddəti uzadılıb
Tarix: Dünən, 16:27
Bu gün, noyabrın 26-da Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan jurnalist Ülviyyə Əlinin (Quliyeva) məhkəmə prosesi keçirilib.
Civilazerbaijan.com bildirir ki, məhkəmənin qərarı ilə jurnalistin həbs müddəti dekabrın 27-nə qədər uzadılıb.
Ülviyyə Əli məhkəmədə çıxışı etməyin mənasız olduğunu bildirib. Bu barədə yaxınları sosial mediada məlumat yayıblar.
“Bu yuxuma haram qatmaqdan başqa bir şey deyil”, – deyə jurnalist bildirib. Daha sonra o məhkəmədə “Xoruz” şeirini səsləndirib. O bildirib ki, bu şeirin məhkəməyə nə qədər aidiyyatı varsa, irəli sürülən ittihamların da ona o qədər aidiyyatı var.
Mayın 7-də “Meydan TV işi” üzrə həbs olunan Ülviyyə Əli jurnalist kimi “Amerikanın Səsi” ilə əməkdaşlıq edib. Bu media qurumu ilə əməkdaşlığını bitirəndən sonra da o, öz sosial media hesablarında siyasi motivli məhkəmələrdən reportajlar yayımlamağa davam edib.
2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.
Sonradan “Arqument.az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıqda ittiham olunurlar. Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.
2025-ci il avqustun 28-də Meydan TV işi üzrə saxlanılan 12 nəfərə qarşı ittihamlar ağırlaşdırılıb və daha 7 maddə əlavə olunub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər














