Əli Kərimli saxlanılıb, evində axtarış aparılıb - YENİLƏNİR

Xəbərin çap versiyası
Tarix: 29-11-2025, 15:41


17:42 - 29.11.2025

AXCP Əli Kərimlinin DTX əməkdaşları tərəfindən saxlanılması barədə bəyanat yayıb.

Civilazerbaijan.com
bildirir ki, partiyanın bəyanatında qeyd olunur ki, Kərimlinin saxlanılması üçün heç bir rəsmi əsas açıqlanmayıb. Həmçinin, onun evində axtarış aparılıb.

“Eyni zamanda, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb, özü isə saxlanılıb. Partiyanın başqa bir neçə nəfər fəalının da saxlanıldığı haqda məlumatlar var. Bəyan edirik ki, Əli Kərimlinin saxlanılması sırf siyasi motivlidir. Son illərdə hakimiyyət ona faktiki blokada tətbiq edib. Buna baxmayaraq, Əli Kərimli Azərbaycanda əsas demokratik fiqurlardan biri olaraq qalır: onun aparıcı beynəlxalq mediaya verdiyi müsahibələr və qlobal siyasi forumlara dəvət alması İlham Əliyev rejimini narahat edib”, – bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, həbslər ölkədə siyasi fəaliyyət və vətəndaş azadlıqlarını məhdudlaşdırmaq məqsədilə aparılır:

“Bugünkü saxlanılma hakimiyyətin Azərbaycanda son müstəqil siyasi qüvvəni aradan qaldırmaq və xalqın demokratiya və azadlıq uğrunda mübarizəsini tamamilə boğmaq cəhdi olaraq qiymətləndirilməlidir. AXCP Əli Kərimlinin, Məmməd İbrahimin və partiyanın başa saxlanılan üzvlərinin dərhal azad olunmasını, müxalifət üzvlərinə və tərəfdarlarına qarşı təqiblərə son qoyulmasını, saxlanılanlara hüquqi müdafiəyə çıxışın təmin edilməsini və onların təhlükəsizliyinə zəmanət verilməsini tələb edir”.

Partiya beynəlxalq ictimaiyyəti, insan haqları təşkilatlarını və demokratik hökumətləri Azərbaycan hakimiyyətindən insan hüquqlarına əməl etməsini tələb etməyə çağırır.

Hazırda AXCP-nin 20-dən çox üzvü müxtəlif ittihamlarla həbsdədir.

* * *

17:23 - 29.11.2025

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi Meydan TV-yə bildirib ki, hazırda Əli Kərimlinin evinin yaxınlığındadır, lakin onları əraziyə buraxmırlar:

“Əli Kərimlinin evinə yaxınlaşmaq mümkün deyil. Ərazidə çox sayda mülki geyimli şəxslər var və yaxınlaşanları içəri buraxmırlar. Əli bəylə və ailə üzvləri ilə əlaqə saxlamaq, eləcə də hər hansı məlumat əldə etmək mümkün deyil.”

* * *

16:30 - 29.11.2025

AXCP-nin digər üzvləri də sosial mediada təqib olunduqlarına və evlərinin önündə DTX-ya aid maşınların olmasına aid iddialar bölüşüblər.

Civilazerbaijan.com
bildirir ki, AzadlıqRadiosu Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Daxili İşlər Nazirliyindən (DİN) məlumat almağa cəhd etsə də, mümkün olmayıb.

DİN Mətbuat xidməti suala cavab vermək əvəzinə yerli mediada bu barədə gedən xəbəri paylaşıb. Sözügedən xəbəri hökümətyönlü media “APA”Agentliyi paylaşıb və iddia olunur ki, AXCP sədrinin evindəki axtarış Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.

Bununla yanaşı, hökümətyönlü medialar da onun saxlandığını yazır.

Prezident Administrasiyası Aparatının və Milli Elimlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunduğu bildirilir.

Verilən məlumatlara görə, Bakı şəhəri Səbail rayon məhkəməsi Ramiz Mehdiy barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Onun haqqında 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçildiyi vurğulanır.


* * *

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin saxlanıldığı və evində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən axtarış aparıldığı bildirilir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə partiyanın üzvləri tərəfindən sosial şəbəkələrdə məlumatlar yayılıb.

Əli Kərimlinin saxlanılma səbəbi barədə məlumat verilməyib.

AXCP-dən isə Meydan TV-yə məsələnin araşdırıldığı bildirilib.

Digər məlumata görə, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim də polislər tərəfindən saxlanılıb və onun da evində axtarış aparılır. Bu barədə onun oğlu Turan İbrahim məlumat verib.

Hələki Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı hər hansı rəsmi məlumat yayılmayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz