Professor Cəmil Həsənlinin ölkədən çıxışına "stop" qoyulub, DTX-ya dəvət olunub
Tarix: 30-11-2025, 16:59
Milli Şuranın sədri, tarixçi-alim, professor Cəmil Həsənlinin Azərbaycandan çıxışına "stop" qoyulub və o, şahid qismində Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) dəvət olunub.
Civilazerbaijan.com bildirir ki, bu barədə o öz "Facebook" səhifəsində xəbər verib.
C.Həsənlinin dediyinə görə, o, həyat yoldaşı ilə birgə noyabrın 30-da Bakı vaxtı ilə saat 12.20-də şəxsi səbəblə Dubaya uçmalı imiş, lakin özünün çıxışına "stop" qoyulub. Tarixçi bildirib ki, bileti noyabrın 7-də alıb və qayıdış tarixi dekabrın 15-i olan biletin elektron nüsxəsini "Facebook" paylaşımına əlavə edib.
C.Həsənli qeyd edib ki, onu DTX-yə şahid qismində dəvət ediblər və evində axtarış aparılacağı gözlənilir.
"Nə Əli Kərimli, nə Gültəkin Hacıbəyli bu ölkənin qanunlarını pozacaq bir şey etməyib. Bütün həyatlarını bu xalqın, bu millətin azadlığı, daha yaxşı yaşaması yolunda qoyublar. Ramizi-zadı boş verin. Məktub-zad hamısı qurama şeylərdir. Mən hələ bir ay qabaq yazmışdım o məktubu istənilən adamın adından yaza bilərlər. Məktub artıq çoxdan mətbuatda gedib. Mətbuatda gedən bir məktubu Əli Kərimli niyə məxfi sənəd kimi evində saxlamalıdır? Dövlət Şurası haqqında hay küydə nağıldır. Ramiz Mehdiyev tutulan günün səhərisi Əli Kərimliyə dedim ki, bu işi gətirib Sizə çıxaracaqlar. Dedi yəni bu qədərinə də edərlər? (Buna Ramizqeyt başlayanda da yazmışdım) Deyirlər guya dövlət şurası zadı ideyası olub. Açıqla verdilər ki, 50 nəfərin adı olub orada. Yaxşı bunun biri Əli Kərimli, biri də deyək Gültəkin Hacıbəyli. Bəs qalan 48 kimdir? Əli Kərimli də, Gültəkin Hacıbəyli də ömrü boyu Rusiyaya, Rus imperiyasına qarşı dayanan adamlardır. İndi necə oldu Rusiyanın əli ilə guya dövlət “çevrilişi” edirlər. Nağıldır, özü də Məlikməmmədindən! Bütün bu oyun bünövrədən müxalifətə, Xalq Cəbhəsinə, Milli Şuraya qarşı qurulmuşdu. Söhbət Post-Qarabağ dövrünə müxalifətsiz keçiddən gedir.
Mənimlə bağlı: noyabrın 7-də həyat yoldaşımla birlikdə bu günə, yəni noyabrın 30-na bir ailə tədbiri ilə bağlı Dubaya, qızımızın və nəvələrimizin yanına getməli idik. Dönüş biletimiz dekabrın 15-nə idi. Dünənki hadisədən sonra stop qoyulacağın ehtimal edirdim. Ehtimalım düz çıxdı. Fatma xanımı yola salıb mən qayıtdım. Bəlkə də hökumət haqqımda birinci dəfədir düz qərar verdi. Bu tuta-tutda getmək doğru olmazdı. Amma indi qeyd etdiyim tədbirə getməməyim üçün əsaslı səbəb var. Artıq məni şahid qismində DTX-ya dəvət ediblər. Evimizdə axtarış aparılacağı istisna edilmir: Evimizdə heç bir şübhəli sənəd yoxdur. Hamısı öz yazı-pozularımdır. Yoldaşım da, mən də artıq yaşlandığımız üçün gözlənilməz, qəfil hadisələrə görə (xəstəlik, ölüm-itim və sair) evimizdə rəsmi mənbəyi olan 3 min dollar, 245 paund pulumuz var. Bundan əlavə Londonda istifadə etdiyim Revolut bank kartında haradasa, 30 paund, HSBC kartında isə 709 pound pul var. Əlavə olaraq gündəlik istifadə üçün pensiya kartı. Qeyd etdiyimdən əlavə heç bir vəsait yoxumdur.
Hansısa şübhəli sənəd və vəsait çıxarsa bilin ki, saxtadır. Düzdür, adamı şərləmək üçün bunların imkanları çox böyükdür. Bütün hallarda mən daha geniş yayılmış bu versiyalar haqqında yazdım. Əgər söhbət Ramiz Mehdiyevdən gedirsə, onun haqqında tənqidi yazılarımı, müsahibələrimi və çıxışlarımın mətnini bir yerə toplasan yekə bir kitab alınar. Və ən nəhayət, şantajla, təqiblə, həbslə zadla da bizi qorxuzmasınlar. Nə zaman istəsələr buyurub həbs etsinlər. Ya evdəyəm, ya da Axundov kitabxanasında. Zəhmət çəkib ayrı yerdə axtarmasınlar".
Noyabrın 29-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və evində 6 saatdan çox axtarış aparılıb.
Ə.Kərimli Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) maddəsi ilə ittiham olunur. Bildirilir ki, istintaq hərəkətləri bu gün davam etdiriləcək.
Eyni gündə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim, sədrin köməkçisi Faiq Əmirli, AXCP üzvü Ruslan Əmirov və keçmiş üzv Saleh Rüstəmli də saxlanılıb. AXCP mətbuat katibi Natiq Ədilov F.Əmirli və R.Əmirovun artıq sərbəst buraxıldığını xəbər verib.
Hökumətyönlü mətbuatda gün ərzində iddia olunub ki, Ə.Kərimli keçmiş Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi ilə əlaqədar saxlanılıb.
AXCP-nin məlumatına görə, Ə.Kərimlinin evində axtarış zamanı DTX işçiləri Ramiz Mehdiyevin Rusiya prezidenti Vladimir Putinə yazdığı iddia olunan məktubun nüsxəsini yerləşdirib tapdıqlarını deyiblər. Sözügedən məktub daha əvvəl hökumətyönlü mediada yayılıb və orada R.Mehdiyevin Putinə Azərbaycanda keçid hökuməti yaratmağı təklif etdiyi iddia olunur. Buna onun öz münasibəti məlum deyil.
Ə.Kərimli daha öncə R.Mehdiyevlə əməkdaşlıq etdiyi haqda iddiaları təkzib edib.
AXCP Ə.Kərimliyə və digərlərinə qarşı ittihamları rədd edib və bunu hakimiyyətin növbəti repressiv kampaniyası adlandırıb.
Noyabrın 30-a keçən gecə Milli Şuranın üzvü Gültəkin Hacıbəyli də Türkiyədə saxlanılaraq deportasiya olunacaq şəxslər üçün nəzərdə tutulan təcridxanaya aparılıb.
G.Hacıbəyli polis maşınında ikən telefon danışığında "Toplum TV"-yə özü ilə əlaqədar ittihamları rədd edib.
"Ramiz Mehdiyev mənim bütün həyatımı məhv eləmiş adamdır. Vətənpərvər insanam, bir türk milliyətçisiyəm. Məni gəlib Rusiyaya bağlamaq, bundan absurd, bundan iyrənc yalan və böhtan ola bilməz. Təəssüf edirəm ki, Azərbaycan hakimiyyəti buna qədər getdi. Yəqin ki, Azərbaycanın “Feto”su məsələsidi. Yəqin ki, Azərbaycanda müxalifəti sıradan çıxarmaq üçün həyata keçirilən təqibdir. Mənim sabah səhər üçün təhsil planlarım var idi. Mən "IELTS" imtahanına girməli idim. Nə qədər dedim ki, sabah saat 9-da imtahana girim, ondan sonra "karakol"a gələrəm. Mənə o şansı vermədilər. Aydındır ki, deportasiya üçün tələsirlər", - G.Hacıbəyli vurğulayıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər














