Məmməd İbrahim barəsində həbs qətimkan tədbiri seçilib

Xəbərin çap versiyası
Tarix: 1-12-2025, 20:11


Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin katibi Məmməd İbrahim barəsində qətimkan tədbiri seçilib.

Civilazerbaijan.com
bildirir ki, dekabrın 1-də onun barəsində Səbail rayon Məhkəməsində qərar qəbul olunub. Məhkəmənin qərarı ilə M. İbrahimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Bu gün məhkəmə eyni ittihamla AXCP sədri Əli Kərimli barəsində də 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Ə.Kərimli noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və evində 6 saatdan çox axtarış aparılıb.

Eyni gündə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim, sədrin köməkçisi Faiq Əmirli, AXCP üzvü Ruslan Əmirov və keçmiş üzv Saleh Rüstəmli də saxlanılıb. F.Əmirli, R.Əmirov və S.Rüstəmli sonradan sərbəst buraxılıb.

Hökumətyönlü mətbuatda iddia olunub ki, Ə.Kərimli keçmiş Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi ilə əlaqədar saxlanılıb.

AXCP-nin məlumatına görə, Ə.Kərimlinin evində axtarış zamanı DTX işçiləri Ramiz Mehdiyevin Rusiya prezidenti Vladimir Putinə yazdığı iddia olunan məktubun nüsxəsini yerləşdirib tapdıqlarını deyiblər.

Sözügedən məktub daha əvvəl hökumətyönlü mediada yayılıb və orada R.Mehdiyevin Putinə Azərbaycanda keçid hökuməti yaratmağı təklif etdiyi iddia olunur. Buna onun öz münasibəti məlum deyil.
Ə.Kərimli daha öncə R.Mehdiyevlə əməkdaşlıq etdiyi haqda iddiaları təkzib edib.

AXCP Ə.Kərimliyə və digərlərinə qarşı ittihamları rədd edib və bunu hakimiyyətin növbəti repressiv kampaniyası adlandırıb.

Noyabrın 30-a keçən gecə Milli Şuranın üzvü Gültəkin Hacıbəyli də Türkiyədə saxlanılaraq deportasiya olunacaq şəxslər üçün nəzərdə tutulan təcridxanaya aparılıb. Dekabrın 1-də hökumətyönlü mətbuat onun artıq deportasiya olunduğunu və DTX-də dindirildiyini xəbər verib.
G.Hacıbəyli Türkiyə polisi tərəfindən saxlanılarkən telefon danışığında "Toplum TV"-yə özü ilə əlaqədar ittihamları təkzib edib.

Noyabrın 30-da Milli Şuranın sədri Cəmil Həsənli də DTX-də dindirilib. O, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Onun sözlərinə görə, ona Ramiz Mehdiyev və öz siyasi fəaliyyəti haqqında suallar veriblər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz