Sosial şəbəkələrdə hökuməti tənqid edən müəllim həbs olunub
Tarix: Bu gün, 15:28
Sosial şəbəkələrdə hökuməti tənqid etməsi ilə tanınan ictimai fəal Dəyanət Çələbi (Çələbiyev) həbs olunub.
Civilazerbaijan.com bildirir ki, "Azadlıq Radiosu"nun xəbərinə görə, D.Çələbi dekabrın 22-də saxlanılıb və iki gün sonra Xətai Rayon Məhkəməsində onun haqqında həbs qətimkan tədbiri seçilib.
İngilis dili müəllimi olan D.Çələbi bir nəfərə xəsarət yetirməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə üzrə 6 ildən 11 ilədək həbs cəzası nəzərdə tutulub.
D.Çələbi məhkəmədə özünü təqsirli bilmədiyini və şərlənərək həbs olunduğunu deyib.
Fəal həbsindən bir gün öncə "Facebook" səhifəsində prezident İlham Əliyevin rəhbərlik etdiyi hökumətin ölkəni fəlakətə apardığını yazmışdı: "Əliyevin ailə hakimiyyəti ölkəni gücləndirmədi, ölkəni zəiflətdi. Dövlət şəxsləşdirildi, xalq kənarlaşdırıldı, gələcək ipoteka altına qoyuldu".
D.Çələbi bu ilin mayında da həbs olunmuşdu. Həmin vaxt İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələriylə ona 30 sutka inzibati həbs cəzası verilmişdi. Özü isə iddiaları rədd etmiş və hökumətin ünvanına tənqidlərinə görə cəzalandırıldığını söyləmişdi.
Son illər bir sıra ictimai-siyasi fəallar kənar şəxslərə bıçaqla xəsarət yetirmək ittihamıyla həbs olunub. Onların arasında işçi hüquqları fəalı Afiəddin Məmmədov, AXCP sədri Əli Kərimlinin mühafizəçisi olmuş Kənan Zeynalov (Basqal), digər AXCP üzvü Zamin Salayev, ictimai fəallar Əhməd Məmmədli, Samir Aşurov, Nicat İbrahim, Emin İbrahimov və başqaları var, Toplum Tv-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













