Aİ-92 benzini və dizel bahalaşdı
Tarix: Bu gün, 15:59
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşıb.
Civilazerbaijan.com bildirir ki, bununla bağlı Tarif Şurası qərar qəbul edib.
Bu gün, dekabrın 30-da Tarif Şurasının yayımladığı məlumatda qeyd olunub ki, "Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizelin 1 litrinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə dəyişdirilib".
Qurum qeyd edir ki, "son illərdə iri şəhərlərin artan əhalisi, şəhərətrafı ərazilərdə məskunlaşanların çoxalması nəqliyyat sistemləri və mobilliklə bağlı yeni çağırışların ortaya çıxmasına səbəb olub".
Habelə xatırladır ki, 2025-ci ilin sentyabrında müvafiq fərmanla "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb: "Fondu formalaşdıran mədaxil mənbələrindən biri kimi avtomobil benzininin, dizelin və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi müəyyən edilib. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, yanacağın hər litrinə görə yol vergisi 7 qəpik müəyyənləşdirilib".
Qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
Gələn ilin büdcəsində müxtəlif sahələr üzrə vergilərin artacağı bildirilir. Onlardan xüsusilə yol vergisi üzrə artım diqqət çəkir. Onun təqribən üç dəfə artacağı söylənir.
Ekspertlər bundan sonra benzinin bahalaşacağının qaçılmaz olduğunu bildirmişdilər.
Qeyd edək ki, Tarif Şurası ötən il iyulun 1-dən Aİ-92 markalı benzininin pərakəndə satış qiymətini 1 litr üçün 10 qəpik artıraraq 1.10 manat, dizel yanacağının qiymətini isə 20 qəpik artırılaraq 1 manat müəyyən etmişdi.
Habelə Tarif Şurasının dekabrın 30-da açıqladığı qərarla elektrik enerjisi və təbii qaza sabit tariflər müəyyənləşdirilib.
"Beynəlxalq təcrübədə sabit ödənişlərin tətbiqi... infrastrukturun saxlanması, xidmətlərin göstərilməsi və digər əməliyyat xərclərinin qarşılanmasında mühüm əhəmiyyət kəsb edir", -qurum vurğulayır.
Əhali üçün elektrik enerjisi və təbii qaz üzrə aylıq sabit tarif 1 manat müəyyənləşdirilib.
Xatırladaq ki, Milli Məclis iyulun 8-də "Qaz təchizatı haqqında" yeni Qanun qəbul edib. Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
Qanunun qəbulu ilə qaz tariflərinin müəyyən edilməsi səlahiyyəti indiki Tarif Şurasından tənzimləyici quruma keçir. Qiymətləri 2028-ci il iyulun 1-dən tənzimləyici müəyyən etməlidir. 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-dək isə qaz tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tənzimləyəcək.
Sənəddə sabit tariflər məsələsi də öz əksini tapmışdı Hansı ki, layihədə bu məsələ bəlli olduqdan sonra cəmiyyətdə tənqidlərə səbəb olmuşdu. Tənqidçilər hesab edirlər ki, evdə qazdan və ya elektrikdən istifadə olunmadığı halda, sabit tariflərin qoyulması "vətəndaşların cibinə girməkdir".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













