Ağadadaş Ağayev amnistiyaya düşüb

Xəbərin çap versiyası
Tarix: 12-01-2026, 16:10


Bu gün, yanvarın 12-də Binəqədi rayon Məhkəməsində müğənni Ağadadaş Ağayev ilə bağlı Ədliyyə Nazirliyi Probasiya xidmətinin təqdimatına baxılıb.

Civilazerbaijan.com
bildirir ki, yerli saytlarının xəbərinə görə, qərara əsasən, A.Ağayev şərti cəzasının çəkilməmiş hissəsindən azad edilib.

2024-cü il iyul ayında A.Ağayev ilə "Medera Hospital"ın mühafizəçisi arasında insident baş verib. Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan bir şəxsə dəyərək xəsarət yetirib. Mühafizəçinin də müğənnini bir neçə dəfə vurduğu bildirilir.

Ötən il yanvarın 8-də Ağayevlə hospital, mühafizəçi və xəsarət alan xadimə arasında barışıq əldə olunub.Binəqədi rayon Məhkəməsinin hökmünə əsasən, A.Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, 1 il sınaq müddəti təyin olunub və cəza şərti hesab olunub.

Mühafizəçi isə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun da cəzası şərti hesab olunub və 2 il sınaq müddəti təyin edilib. O da, akta əsasən, şərti cəzasının qalan hissəsindən azad edilib.

Qeyd edık ki, Azərbaycanda ötən il dekabrın 22-də Amnistiya aktının icrasına başlanıb.

Rəsmi açıqlamalara görə, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur. Həmçinin, cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır. Ümumilikdə isə aktın 18 min civarında şəxsə şamil ediləcəyi gözlənir.

Vətəndaş cəmiyyətinin 15-dən çox təmsilçisi bəyanat yayaraq bu aktı "manipulyasiya" adlandırıblar. "Bu Amnistiya aktı nə ümumi məhbus sıxlığı problemini aradan qaldırdı, nə də siyasi məhbusların azad edilməsi üçün əsaslı töhfə verdi", - onların bəyanatında deyilirdi.

Amnistiya aktından əvvəl hüquq müdafiəçiləri deyirdilər ki, ölkədə 400-ə yaxın siyasi məhbus var. Onlar vurğulayırlar ki, indiyə qədər amnistiya aktına siyasi məhbus siyahılarında yer alan bir çox şəxslər düşüblər. Onların dindar kəsimdən olan və narkotik ittihamı ilə həbs edilən şəxslər olduğu bildirilir. Amma həbsdə olan müxalifətçilər, ictimai fəallar və jurnalistlər hələlik amnistiyadan kənarda qalıblar.

Rəsmilər isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyir ki, siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz