Azərbaycan Vaqif Xaçatryan və daha üç nəfəri Ermənistana verib

Xəbərin çap versiyası
Tarix: Dünən, 18:32


Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda saxlanılan dörd məhbusun Ermənistana qaytarıldığını bildirib. Gevorq Sucyan, David Davtyan, Viqen Eulcekyan və Vaqif Xaçatryanı Azərbaycan qurumlarının təmsilçiləri Hakkari körpüsü vasitəsilə Ermənistana təhvil veriblər. Onlar hazırda Ermənistan ərazisindədirlər, oradan da Yerevana aparılırlar.

Civilazerbaijan.com
bildirir ki, Paşinyanın sözlərinə görə, ilkin tibbi müayinələr Sucyanın, Davtyanın və Eulcekyanın səhhətində problem olmadığını göstərib. 70 yaşlı Xaçatryanın sağlıq durumu da ilkin olaraq qənaətbəxş qiymətləndirilib. Xaçatryanın dekabrın 22-nə keçən gecə ağırlaşmış ürək problemləri ilə Azərbaycan həbsxanasından xəstəxananın reanimasiya şöbəsinə köçürüldüyü bildirilib.

Bu şəxslərə qanunsuz silah saxlama, casusluq, digər ittihamlar irəli sürülüb. Onlar ittihamları qəbul etməyiblər.

Azərbaycan və Ermənistanın media orqanları bu prosesin Ermənistan və Azərbaycan arasında bərqərar olan sülh sazişinin praktik nəticəsi olduğunu yazırlar.

Ermənistan Azərbaycanda daha 19 erməni məhbusun saxlanıldığını bildirir.

Qeyd edək ki, V.Xaçatryan 2023-cü ilin noyabrında Azərbaycanda qətllərdə ittiham edilərək 15 il həbs cəzası alıb. Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə ittiham elan olunub. Xaçatryan məhkəmədə özünü təqsirli bilmədiyini deyib və bəraət istəyib.

G.Sucyan və D.Davtyan casusluqda ittiham edilərək 2021-ci ildə 15 il həbs cəzası alıblar.

V.Eulcekyanın da məhkəməsi də 2021-ci ildə olub. O, muzdlu döyüşçü kimi Qarabağda hərbi əməliyyatlarda iştirakda və başqa ağır cinayətlərdə ittiham edilərək 20 il həbs cəzası alıb.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Ötən il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq.

Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz