ABŞ Azərbaycan da daxil olmaqla 75 ölkə üçün immiqrant vizalarını dayandırıb

Xəbərin çap versiyası
Tarix: 15-01-2026, 14:33


ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşlarına, o cümlədən azərbaycanlılara immiqrasiya vizası verilməsini dayandırıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə "Fox News" xəbər yayıb.

75 ölkənin vətəndaşları üçün immiqrasiya vizalarının işlənməsi dayandırılır. Keçmiş SSRİ ölkələrindən Rusiya, Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan və Moldova siyahıda yer alıb.

Siyahıda Somali, Əfqanıstan, Braziliya, İran, İraq, Misir, Nigeriya, Tailand, Yəmən, Haiti, Qvatemala, Kosovo, Küveyt, Kamboca, Livan, Liviya da var.

Yeni qayda yanvarın 21-dən qeyri-müəyyən müddətə qüvvəyə minəcək. Konsulluq əməkdaşlarına bu ölkələrin vətəndaşlarına viza verməkdən imtina etmək tapşırılıb. ABŞ Dövlət Departamentinin təmsilçisi Tommi Piqottun izahına görə, bu addım hakimiyyətin müraciət edənlərin yoxlanılması prosedurlarını yenidən nəzərdən keçirməsi ilə bağlıdır.

"Dövlət Departamenti çoxdan mövcud olan səlahiyyətlərindən yararlanaraq yararsız immiqrantları müəyyənləşdirə biləcək, söhbət ABŞ üçün yükə çevrilərək Amerika xalqının səxavətindən sui-istifadə edəcək şəxslərdən gedir", – Piqott deyib.

Noyabrda Dövlət Departamenti dünyanın müxtəlif ölkələrindəki konsulluqlarına teleqram göndərib. Həmin sənəddə deyilirdi ki, yoxlamanı aparan şəxs ərizəçinin dövlət müavinətlərindən asılı vəziyyətə düşə biləcəyi qənaətinə gəlsə, ona immiqrasiya vizasının verilməsindən imtina etsin.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz